Emin Ağalarov Bakıda geniş konsert verib
14 İyul 2012 Şənbə 00:28
Tamaşaçılar tanınmış müğənni Emin Ağalarov və Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olublar.
Tanınmış müğənni və bəstəkar Emin Ağalarov iyulun 13-də Bakıda, Yaşıl Teatrda geniş konsert proqramı ilə çıxış edib. AzərTAc xəbər verir ki, xeyriyyə məqsədli konsertdə Emin Ağalarov pərəstişkarlarının qarşısına “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsində ifa etdiyi “Never enough” mahnısı ilə çıxıb.
Nəfis səhnə tərtibatı ilə diqqəti çəkən konsertdə müğənni ötən konsertlərindəki kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların mahnıları ilə yanaşı, “After the Thunder” albomuna daxil olan mahnıları tamaşaçılara təqdim edib.
Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən müğənni Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Tanınmış müğənni və bəstəkar Emin Ağalarov “After the Thunder” albomu haqqında danışaraq deyib ki, albom dünyanın bir çox ölkələrində təqdim ediləcək.
Konsertdə, həmçinin ölkəmizi 57-ci “Eurovision” musiqi yarışmasında təmsil edən Səbinə Babayeva “When the music dies” mahnısını tamaşaçılar üçün bir daha ifa edib.
Tamaşaçılar Bakıda keçirilmiş 57-ci “Eurovision” mahnı müsabiqəsində Emin Ağalarov ilə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olublar.
E.Ağalarov, həmçinin SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayeviin repertuarından da mahnı səsləndirib.
Hər zaman Müslüm Maqomayevi uca tutduğunu dilə gətirən müğənni, məhz ondan nümunə götürərək sənətdən zövq aldığını qeyd edib.
Anşlaqla keçən konsertdə müğənninin yeni albomundan ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
“After the Thunder” albomundakı mahnılardan 11-i ingilis, 2-si isə rus dilindədir. Müğənninin “Eurovision-2012” mahnı müsabiqəsinin finalında oxuduğu “Never enough” mahnısı da alboma daxildir.
DOSTLARINLA PAYLAŞ: