Emin Ağalarov Azərbaycan dilində mahnı oxumamasının səbəblərini açıqlayıb
08 İyul 2011 Cümə 19:38
Müğənni Emin Ağalarov Nardaran sakinləri ilə ailəsi arasında narazılıq yaranması barədə məlumatlara də münasibət bildirib.
“Konsertlə bağlı təəssüratlarım çoxdur. Bu konsert doğma şəhərimdə olduğu üçün mənə daha əzizdir. Çünki Bakıda öz evimdəki kimi çıxış edirəm. Konsertimdə qohumlarımı, dostlarımı, ən əsası yaradıcılığıma qiymət verən insanları görmək mənim üçün çox xoşdur. Bu bir tərəfdən onların mənə dəstəyidir, digər tərəfdən isə mənim tamaşaçılar qarşısında məsuliyyətimdir”. APA-nın məlumatına görə, bu sözləri Rusiyada yaşayan azərbaycanlı iş adamı, müğənni Emin Ağalarov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Bakıda keçirdiyi dünənki solo-konsertdən əldə olunan 100 min ABŞ dollarını məktəb tikintisinə sərf olunacaq.

Jurnalistlərin suallarını cavablandıran Emin atasının cərrahiyyə əməliyyatı olunmasından da danışıb: “Atam hazırda özünü çox yaxşı hiss edir. Futbol oynayarkən dizini zədələmişdi, təcili əməliyyata ehtiyac vardı. Ona görə də budəfəki konsertimdə iştirak edə bilmədi. Onu Almaniyada əməliyyat ediblər. Bacım konsertimdə iştirak etmək üçün Amerikadan Bakıya gəlib. Anam və nənəm də burada idilər. Atam əməliyyat olunanda heç bir ailə üzvüm onun yanında olmadı. Mənə elə gəlir ki, o bizdən incimədi, telefon vasitəsilə onunla əlaqə saxladım, hazırda özünü çox yaxşı hiss edir”.

Emin Azərbaycan dilində mahnı oxumamasının səbəbini doğma dilimizin mükəmməl bilməməsi ilə bağlayıb: “Bunun bir səbəbi var - onu açıqlamağa utanıram. Əgər mən Azərbaycan dilində mahnı oxusam, siz zalı tərk edə bilirsiniz. Ümumiyyətlə gördüyüm bütün işləri yüksək səviyyədə yerinə yetirməyi sevdiyim üçün, hələlik ana dilində mahnı oxumağa hazır olmadığımı düşünürəm”. Emin sənətinə pərəstiş etdiyi sənətkar kimi Müslüm Maqomayevin, bəyəndiyi ifaçı olaraq isə məşhur müğənni Şadenin adını çəkib.

Valideyn kimi övladlarının tərbiyəsindən də danışan sənətçi, uşaqların tərbiyəsində həm özünün, həm də həyat yoldaşının mühüm rol oynadığını qeyd edib: “Uşaqlarımızın tərbiyəsi ilə hər ikimiz məşğul oluruq. Son sözün kimin üzərində qalması ilə bağlı narazılığımız olmur. Uşaqlarımın musiqiyə marağı böyükdür. Hətta onlar artıq mənim “Just for one night” mahnımı belə oxuyurlar”. Həyatında ən önəmli tarixin anasının doğum günü olduğunu diqqətə çatdıran sənətçi bu günün bütün dünya azərbaycanlıları tərəfindən qeyd olunduğunu da vurğulayıb: “Anamın doğum günü həyatımda ən önəmli tarixlərdən biridir. Çünki o, 31 dekabrda anadan olub. Onun ad günü bizim üçün ikiqat bayramdır”.

Gələcək planlarından da danışan Emin hazırda yeni albom üzərində işlədiyini, ifalarını xaricdə təbliğ etmək yolunda çalışdığını deyib: “Yeni albomumdaki mahnıların hitə çevrilməsi üçün əlimdən gələni edəcəyəm. Avropada, dünyanın bir çox ölkəsində konsert proqramları ilə çıxış etməyi planlaşdırıram. Atam repertuarımdakı “İmpossible” mahnısını çox bəyənir. Sonuncu albomumdakı ritmik və oynaq mahnıları xoşlayır. Həyat yoldaşım Leyla xanım isə “Never a not” mahnımı bəyənir. Bu mahnını “Wonder” albomuna daxil etmək istəyirdik, sonradan fikrimizi dəyişdik. Lakin Leylanın istəyi ilə növbəti albomumda bu mahnı da olacaq”.

Mətbuat konfransının sonunda E. Ağalarov Nardaran sakinləri ilə ailəsi arasında narazılıq yaranması barədə mətbuatda yayılan məlumatlara də münasibət bildirib: “Onlar hər zaman narazılıq bildirirlər. Bu məsələyə iki tərəfdən yanaşmaq olar: birincisi, onların hətta 1 kvadrat metr torpaq üzərində belə sənədləri yoxdur. Digər tərəfdən, onlar burada uzun illərdir, yaşayırlar. Bu faktı da biz nəzərə almalıyıq. Ona görə elə qərar olmalıdır ki, həm insanların rəsmi sənədləri olsun, həm də razı qalsınlar. Bu məsələlərlə bağlı iş aparırıq. Hazırda Nardaranda müəyyən işlər görməyi planlaşdırırıq. Sonda nardaranlıların bizdən razı qalacağına inanıram”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar