Hamının xoşuna gəlməyə öyrəşmişəm.
Azərbaycanda iki yaradıcı xanım var ki, onların nə yeyib-nə içdikləri belə, mənim üçün hər zaman maraqlı olub. Onları tanıdığım gündən ta indiyə qədər. Axı adam bu yaşda necə belə təbii və baxımlı görünmək olar? Yəqin ki, bir səbəb olmalı...
Bunlardan biri... Demirəm. Digəri isə əməkdar artist Suğra Bağırzadədir.
Amma məhz bu görüşümüzdə Suğra xanımın belə qalmasının “sirri”ni çözə bildim.
Hələ bir neçə ay öncə müsahibəsində Yaponiyanın Sapporo şəhərində Ümumdünya floristlərinin sammitinin keçiriləcəyini demişdi. Bu yaxınlarda eşitdim ki, xanım Bağırzadə Yaponiyadan qayıdıb... Deməli, danışmağa sözümüz var.
Zəng vururam. İşdədir-Kinostudiyada. Tələm tələsik hazırlaşıb redaksiyadan çıxıram. Söz verdiyim vaxtda yetişirəm...
Yarımqaranlıq, uçuq-sökük dəhlizlərlə irəlilədikcə verəcəyim sualları düşünürəm. Amma içəri daxil olanda kinostudiyadakı vəziyyətə rəğmən rastlaşdığım səliqə-sahman sualımın birini – bu şəraitsizlikdə necə işləyirsiniz –“öldürür”.
Otaqda hər tərəf əl işləridir. Bu arada kətilin üzərində yandırdığı şam diqqətimi çəkir, soruşuram. Özünəməxsus tərzdə “Mən həmişə şam yandırıram”, – deyə cavab verir. Bir əsərləri gözdən keçirirəm. Deyir ki, Yaponiya səfəri 15 gün çəkib. Bu müddət ərzində yaxınları, əzizləri qədər əsərləri üçün də darıxıb.
Cəmi iki əsərini aparıbmış Yaponiyaya Suğra xanım.
– Çünki irihəcmli əsərlərimi harasa aparmağa imkan yoxdur. Düzdür, AZAL-da belə bir xidmət var ki, əsərlərini harasa göndərəsən. Amma qiymətləri çox bahadır.
Məni otlardan, çiçəklərdən dəmlədiyi çaya qonaq edir. Deməli, “cavanlıq sirri”nin bir detalı məlumdur.
Dediyinə görə, bir əsəri üçün minimum iki il vaxt sərf edir. Bəzənsə eyni zamanda bir neçə əsər üzərində işləyir. Əsərlərindən danışdıqca gözləri parıldayır sanki
– Sonuncu əsərim 2012-ci ildə, 65 illik yubileyimdə yeddinci fərdi sərgim oldu. Gələn il dünya floristlərinin sammiti Zaqrebdə keçiriləcək. Ordan bura təyyarə ilə 3 saatlıq yoldur. Xahiş etmişəm ki, gəlib burda pulsuz ustad dərsləri keçsinlər. Həmin vaxt mənim də böyük sərgim olacaq. Mən Ümumdünya Floristlər Şurasında Türk dünyasından yeganə şəxsəm.
Kinodan danışırıq. Deyir ki, bir neçə əsəri filmlərdə dekorasiya kimi istifadə olunub. “Əsərimi kimsə istəyəndə narahat olmuram. İnanmadığım adam da qapımı döyüb içəri giribsə, mən bun etməliyəm. Çünki kino fədaisiyəm”, – deyir.
– Kiməsə öz əsərlərimlə kömək edə bilərəmsə, bunu etməliyəm. Bu, mənim həyat tərzimdir. Hələ heç kim olmayıb ki, əsərimi aparıb xələl gətirsin. Kim götürürsə, hörmətlə yanaşır.
İmkan tapıb Suğra xanıma xarici görünüşüylə də bağlı sual verirəm. Deyirəm ki, sizi tanıyandan eyni saç düzümündəsiniz.
– Demək olar ki dəyişməyib. Yaşım 50-ni keçəndən sonra saç düzümüm qısalıb. Əllidən sonra uzun saçlar saxlamaq, ona qulluq etmək yaşa uyğun deyil. Hər yaşın öz dövrü var. Əvvəl saçlarım uzun idi.
“Ulduz” filmindən də danışırıq. Sən demə, bu filmə çəkiləndə onun cəmi 15 yaşı varmış. Operator Yuri Fogelman elə çəkmişdi ki, bir az iri görünürdüm. O məni Moskvada Böyük Teatrdakı çıxışımdan tanıyırdı. Film çəkiləndə mənimlə maraqlanıb ki, görəsən 5-6 il ərzində necə dəyişmişəm. Ondan əvvəl Zeynəb Kazımovanın “Yollar və küçələr” adlanan filmində baş rolda çəkilmişdim. İkinci sinifdən kinostudiyaya gəlib gedirəm. “Cücələrim” mahnısını xoreoqrafik quruluşda ilk dəfə mən oxumuşam. Bütün dünyada, eləcə də “Nu poqodi!” cizgi filmindəki ifa mənimdir.
Bir az da uşaqlıq dövründən danışırıq. Deyir ki, hələ uşaqlıqdan daxilən böyük idim. Mənə həmişə deyirdilər ki, çox ağıllı uşaqsan.
– İstəmişəm ki, mahnı oxuyum. Atam icazə vermirdi aktrisa olum. Məktəbi bitirəndə artıq məni kinostudiyadan Moskvaya Kinematoqrafiya İnstitutuna göndərirdilər, amma atam qoymadı. Əsl Bakılıyam. Çəmbərəkəndliyəm. Mənə atamın nənəsinin adını qoyublar. Kərbəlayı molla Suğra xanım. “Cücələrim”i oxuyanda atamın dayısı həmişə zarafatla deyirdi ki, bu nədir mən sənə öz anamın adını qoymuşam, sən də səhnədə “Cücələrim” oxuyursan.
Bir neçə kəlmə də ailə həyatından danışırıq. Həyat yoldaşı öz seçimidir.
– Ailə qurandan sonra tək yaşamışıq. Qaynanam-qayınatam Naxçıvanda yaşayırdı. Yəni ərim naxçıvanlıdır. İnstituta girəndə ona Bakıda ev almışdılar. Biz də o evdə yaşayırdıq, onlar bizə qonaq gəlib gedirdi. Atam deyirdi ki, uşaqlarım kimi bəyənsə onunla da ailə həyatı quracaq. Yeddi bacıyıq, bir qardaş. Bizi məktəbdə “Yeddi gözəl Bəhram şah” çağırırdılar. 7 nömrəli məktəbdə oxuyurduq. Hamımızın arasında 2 yaş fərq var. Bu il böyük bacımın 80 yaşı olacaq. Məndən böyük bacımın isə 70 yaşı tamam olur. O bacımla mənim aramda bir qardaşım olub, rəhmətə gedib. Hamımız başqa başqayıq çox oxşamırıq. Gənc qalmağımız isə genetikdir
Hər şeydən danışdıq. Bir neçə kəlmə də əsərləri barəsində söhbətləşirik.
– Muzey mərkəzi əsəri götürəndə ona qiymət qoyurlar. Məsələn, əsərlərimdən birinə 15 min, “Məhəbbət kuzəsi” adlı əsərimə 5 min manat qiymət qoymuşdular. Amma satılmadı. Əslində bu əsərlərin qiyməti bir az da baha olmalıdır. Xaricilər belə əsərləri daha çox alır. Amma son zamanlar onlar da eşidiblər ki, burda qiymət ucuzdur, ona görə də bahalı əsərə pul vermək istəmirlər. Əsərlərimi elə də böyük qiymətə satmamışam. Ümumiyyətlə, bizdə şəkil almaq mədəniyyəti yoxdur. Bu haqda heç danışılası deyil. Bizdə böyük imarətlər var. Gedirsən ki, evdə bahalı çərçivədə “kitayski” şəkillər asıblar. Biz hələ buna hazır deyilik.
Mən bu dəfə xaricə gedəndə iki əsər apardım. Təsəvvür edin o əsərlərin üstündə necə əsirdilər. Hətta iki nəfər ayırdılar ki, birdən kimsə toxunar, əsərə nəsə olar. Yəni bu qədər böyük maraq və diqqət var. Çünki ordakı əsərlər iki günlükdür. Güllərdən düzəldilir və tez də solub gedir. Amma mənim əsərlərim ömürlükdür. Çünki daha uzun müddətə başa gəlir, xüsusi maddələrdən istifadə edirəm ki, xarab olmasın. Ən kiçik əsərlərin qiyməti 100-120 manatdır. Həddən artıq həssaslıq və səbr tələb edən işdir. Cincilimləri bir yerinə qoymalısan ki, fon yaransın. Təsəvvür edirsiniz?
Bu işə məktəbdə oxuyanda həvəs kimi başlamışdım. Neft Kimya İnstitutunu bitirdim, məhlullarla işləməyi öyrəndim, təcrübələr apardım. Sonra bu həvəs peşəkarlığa çevrildi. Çünki Sovet İttifaqı dağıldı, kino sahəsində zəifləmələr oldu və meylimi daha çox bu işə saldım.
Sərhədi keçəndə sənədə baxıb təəccüblənirlər ki, bu sizsiniz? Deyirəm ki qadınlar yaşını azaldır, mənim artırmağımın nə mənası var?
Öz həyatımdan razıyam. Həyat yoldaşım öz seçimim olub, normal yaşamışıq. Hamının xoşuna gəlməyə öyrəşmişəm. Ona görə də daim xoş sözlər, komplimentlər, etiraflar eşitmək mənim üçün normaldır. Əgər qadın baxımlıdırsa, bunu adi qarşılamaq lazımdır.