Bəstəkar-müğənni Elza Seyidcahanın illər öncə həmkarı Aybəniz Haşımovanın yanına göndərdiyi balaca uşaq Fərid Məmmədov çıxmadı. ANS PRESS-in məlumatına görə, Aybəniz xanım Elza xanımın bəhs etdiyi uşağın adının Fərid yox, Samir olduğunu deyir:
"Bu gun Space kanalında yayımlanan "Plyus minus" proqramına baxırdım və bir də gördüm ki, sevimli Elza xanım Seyidcahan müsahibə verir ki, Fərid Məmmədovun ailəsinə məni o, məsləhət görüb. Elza xanımın dediyi oğlan Fərid Məmmədov deyil. O uşağın adi Samir idi. Sumqayıt şəhərindən. İndi hal-hazırda hansısa qrupda oxuyur. Fəridin nənəsi mənim "8-ci km"də qonşum idi. Elza xanıma minnətdaram sevgisinə görə, amma dediyi ifaci Fərid Məmmədov deyil."
Xatırladaq ki, əməkdar artist Elza Seyidcahan “Eurovision 2013” təmsilçimiz Fərid Məmmədovu illər öncə əməkdar artist Aybəniz Haşımovanı məsləhət gördüyünü demişdi: “Fərid hələ uşaq olarkən nənəsi yanıma gətirib dedi ki, ona dərs keçim, oxumağı öyrədim. Mən də onlara Aybəniz Haşımovanı məsləhət gördüm. Dedim o, həm qonşundur, həm də səninlə daha yaxşı məşğul olacaq. Bir müddətdən sonra gördüm Fəridin nənəsi məsləhətimə qulaq asıb, “Bülbüllər”də çıxış edir”.