Elza Seyidcahan ağacəkmə aksiyası keçirib
05 Mart 2010 Cümə 18:45
Elza Seyidcahan ağacəkmə aksiyası keçirib. Həmkarları aksiyada iştirak etmək üçün ondan pul istəyib.
Qeyri-adi layihələri ilə seçilən bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahanın ağacəkmə aksiyası ilə birgə verdiyi konsert baş tutub. Müğənni bu dəfəki qeyri-adi konsertini Xızıda həyata keçirib. Saat 09:00-dan başlayan ağacəkmə aksiyası 2-3 saat davam edib. Aksiya 8 mart qadınlar günü ərəfəsinə təsadüf etdiyindən aksiyada əsasən xanımlar iştirak edib. Müğənni ilə anası yay-yana iki ağac əkiblər və bu ağacların hər birinə öz adlarını veriblər. Elza Seyidcahanın sözlərinə görə, ağacəkmə aksiyasından sonra möhtəşəm konsert olub. Konsert başa çatdıqdan sonra Xızıda yerləşən Müşviq bağında şairin məzarı ziyarət edilib və əklil qoyulub.
Müğənninin ANS PRESS-ə verdiyi məlumata görə, konsertdə əvvəlcədən deyildiyi kimi onun müğənni həmkarları iştirak etməyib və yalnız özünün solo-konserti olub. "Dəvət etdiyim həmkarlarımın bəziləri tənbəllik edib gəlmədi, bəziləri isə bu konsertdə iştitak etmək üçün məndən pul istədilər. Xızılı xanımları əyləndirmək üçün konsertə dəvət etdiyim klounlar da gəlib çıxmadı. Həmkarlarımın əvəzinə köməkçim və yaxın dostum Canbala xızı qadınlarına Sərvər Şahbəylinin "Bu gözəllik sizə hardan?" şerini söylədi."
Elza Seyidcahan aksiyanın və konsertin Xızı rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirildiyini bildirib. Üstəlik, rayon İcra Hakimiyyəti tərəfindən aksiyada iştirak edən bütün xanımlara hədiyyələr də verilib. Tədbirdə millət vəkili Dünyamalı Xəlilov da iştirak edib.
"Bu mənim ağacəkmə aksiyası ilə keçirəcəyim konsertlərin açılışı idi. Növbəti konsertim martın 10-da Mingəçevirdə olacaq. Bu dəfə isə aksiyada yeni ailə quran gənclər iştirak edəcək",-deyən müğənni, artıq konserti ilə bağlı Mingəçevirdə bütün hazırlıqların tamamlandığını vurğulayıb.
Müğənni "2010-Ekologiya ili"ndə Naxçıvan, Kürdəmir və respublikamızın digər bölgələrində ağacəkmə aksiyası keçirməyi planlaşdırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: