Elnur Hüseynov Azərbaycandan gedir
18 Dekabr 2009 Cümə 10:30
Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində ilk təmsilçilərindən olan vokalçı Elnur Hüseynov Azərbaycanı birdəfəlik tərk edəcək.
Bunu APA-ya açıqlamasında E. Hüseynov özü deyib: “Ukrayna ilə bir sıra əlaqələrim var və bu əlaqələr nəticəsində də oraya köçmək təklifi almışam. Artıq bununla bağlı danışıqlarımız və razılığımız da olub. Həmin şirkət “Eurovision” müsabiqəsində bizi hazırlayan şirkət deyil. Bu tamam başqa və daha yüksək səviyyəli bir şirkətdir. Gələn ilin ilk aylarında gedəcəyəm və çox güman ki, daha bura qayıtmayacağam. Çox işlərim olacaq. Həmin işlərlə bağlı isə işləyəcəyim şirkət xəbər verəcək. Bu qərarı isə ona görə verdim ki, mənə orada işləmək lazımdır. Düşünürəm ki, mən orada nələrsə edə bilərəm”.

E. Hüseynov onu da vurğulayıb ki, “Eurovision” müsabiqəsi ərəfəsində Ukrayna şirkəti ilə problemlər yaransa da, bu, onun Ukraynada fəaliyyətinə mane olmur və həmin şirkətin də onun işlərinə mane olmayacağına ümid edir. Uzun müddət dost olduğu Samir Cavadzadə ilə münasibətlərə gəlincə isə E. Hüseynov onunla əlaqəsinin olmadığını deyib. Vokalçı bildirib ki, hazırda Samirlə görüşmür və hansısa məkanda rastlaşanda onunla salamlaşırlar: “Samirlə yollarımızı tamamilə ayrımışıq. İndi o ayrı, mən isə ayrı işləyirəm. Bu belə də davam edəcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar