Elariz: "Kimlərsə məni gülünc vəziyyətə qoymaq istəyir"
10 İyun 2010 Cümə Axşamı 19:10
Elariz: "Həmkarlarımın fikri məni əsla narahat etmir”.
Müğənni Elariz haqqında yayılmış “Eurovision müsabiqəsinin bu ilki qalibi Lena Meyerin “Satellite” mahnısını oxuyacaq” şayiəsinə aydınlıq gərtirmək qərarına gəlib. Müğənni ANSPRESS-ə açıqlamasında sənətə gəldiyi ilk gündən bəzi həmkarlarının hücum hədəfi olduğunu vurğuladı: “Çoxları mənim sadə, təvazökar olduğumdan istifadə edib. Mənə ünvanlanmış bütün atmacaları cavabsız qoymuşam. İstəməmişəm ki, qalmaqallı müğənni kimi tanınıb, xalqın gözündən düşüm. Bu səbəbdən də haqqımda deyilənləri qulaqardına vurub səsnətimlə məşğul olmuşam. Mənə söz atanlar isə arzularına çatıb sayəmdə reklam ola bilməyiblər.
İndi isə haqqımda şayiə yayırlar ki, guya Lenanın mahnısını oxuyacam. Bilirəm ki, bunu xoş məqsədlə etməyiblər. Kimlərsə məni gülünc vəziyyətə qoymaq istəyir. Hamı bilir ki, “Satellite” mənim janrıma, stilimə uyğun mahnı deyil. Bəyəm mən özüm qərar verə bilmirəm ki, hansı mahnını oxuyacam, hansını yox? Ötən ilki qalib mahnını oxumuşam, özüm bilərəm. İştirak etdiyim el şənliklərində, şou proqramlarda “Fairytale” mahnısına tələb olduğundan repertuarıma saldım. Bəyənən də oldu, bəyənməyən də. Bu, təbiidir. Amma bu o demək deyil ki, mən hər "Eurovision"un qalib mahnısını repertuarıma daxil edəcəyəm".
Müğənni bu haqda yazan jurnalistləri əsla qınamadığını da dilə gətirib: “Mənim bütün jurnalistlərə hörmətim var. Bilirəm ki, onlar da bunu kimdənsə, konkret məni hədəfə alan, məni gözügötürməyən bəzi həmkarlarımdan eşidib inanıblar və buna görə yazıblar. Burda heç bir faciə görmürəm. Mənim sözüm həmin həmkarlarımadır. Haqqımda boş-boş söhbətlər yayınca, işinizlə məşğul olun. Üstəlik də hazırda yay fəslidir. Toyların bol vaxtıdır. Yaxşı olar ki, çalışın el şənliklərində iştirak edib kiminsə sevincinə şərik olasınız. Necə ki, mən oluram”.
Söhbət əsnasında Elariz onu da diqqətə çatdırdı ki, bugünlərdə bəstəkar Eldar Mansurovun oğlunun toyunda canlı ansablı ilə məclisi idarə edib: “Əbəs yerə mənə “Elit toylar kralı” titulunu verməyiblər. Mən həmişə canlı ansamblım və canlı ifamla elit məclislər idarə etmişəm. Əgər sambalsız müğənni olsaydım hörmətli şəxslər el şənliklərini mənə həvalə etməzdilər. Bugünlərdə Eldar Mansurovun oğlunun toy məclisini idarə etdim. Bir çox müğənnilərimiz toyda iştirak edirdilər. Onların içindən hörmətli bəstəkarımızın məclisi bütövlükdə məhz mənə etibar etməsi heç də təsadüfi deyil. Eldar müəllim, və bir çox hörmətli şəxslər bilir ki, onların elit məclislərini məndən yaxşı, səviyyəli şəkildə idarə edən ola bilməz. Çünki mən əsl elit toylar kralıyam. Bu fikrimlə razılaşmayan həmkarlarımın fikri məni əsla narahat etmir”! ANSPRESS
DOSTLARINLA PAYLAŞ: