Ədalət Şükürov borcundan danışdı
11 Yanvar 2013 Cümə 22:28
Müğənni Ədalət Şükürov: Sevinc Babayevaya borcum olmayıb.
Fəaliyyəti dayandırılmış ABU-nun rektoru Elşad Abdullayevin yaydığı videomaterialda adı hallanan Sevinc Babayeva barədə yayılan borc qalmaqalı haqda açıqlanan məlumatda adı çəkilən müğənni Ədalət Şükürov məsələyə münasibət bildirib. Müğənni APA-ya açıqlamasında deyib ki, “Azadlıq” qəzetində dərc olunan yazıda Sevinc Babayevaya 200 min manat borclu olması haqda qeyd olunanlar həqiqətə uyğun deyil: “Nəinki o qadının, ümumiyyətlə, heç kimin məndə pulu yoxdur, heç kimə borcum yoxdur. Mənim heç kimin puluna ehtiyacım yoxdur. Respublikada çox adamlar, hətta müğənnilər özləri mənə borcludurlar. İndi o qəzet nə yazıb, özü bilər, amma nə adı çəkilən qadının, nə də başqasının heç vaxt məndə pulu olmayıb. Ola bilsin, o qadın borcunu ödəmək üçün, vaxt almaq adı ilə deyirmiş ki, kimlərdəsə borcum var. Mənim də adımı bəlkə də ona görə çəkib”.
Ə.Şükürov S. Babayeva ilə heç bir tanışlığının, əlaqələrinin olmadığını da deyib.
Qeyd edək ki, Sevinc Babayevanın oğlu Ayxan Məmmədov mətbuata açıqlamasında yaşadıqları evin pulunu borclu olduqlarını və məlum videomaterial yayılandan sonra borcu ödəyə bilmədikləri üçün evdən kənarlaşdırıldıqlarını deyib. Binanın sahibi Natiq Zeynalov isə mətbuata açıqlamasında bildirib ki, Sevinc Babayeva evi alanda Ədalət Şükürovda 200 min manatının olduğunu söyləyib.
DOSTLARINLA PAYLAŞ: