Ceyla Seyidova birincilik qazanıb
19 Mart 2011 Şənbə 13:56
Musiqiçiyə Brüssel Konservatoriyasında təhsil almaq təklif olunub
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın gənc skripka ifaçısı Ceyla Seyidova Belçikanın Namur şəhərində keçirilən «Bravo» musiqiçilərin IV Beynəlxalq müsabiqəsində I yeri qazanıb. Bu barədə APA-ya musiqiçinin anası Samirə Seyidova məlumat verib.
S.Seyidova qızının müsabiqədə çıxışının dünyaca tanınmış musiqiçilər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Müsabiqənin münsiflər heyətindən də söz açan S.Seyidova deyib ki, dünyaca tanınmış Filippe Deskamps, Quido Jardon, Jan-Frederik Molard, Valery Oystax, Tatyana Semuil və İqor Tkaçuk təmsil olunublar.
Azərbaycanlı musiqiçi iki mərhələdən ibarət olan müsabiqədə uğur qazanıb. Müsabiqə 4 yaş qrupu üzrə keçirilib. Digər yaş qruplarında 4 və ən çoxu beş nəfər yarışdığı halda, Ceyla Seyidovanın qrupunda 15 musiqiçi mübarizə aparıb. C.Seyidova Fransa, Rusiya, Belçika və digər ölkələrin təmsilçiləri mübarizə aparıb. Onu bu müsabiqəyə Azərbaycanı təmsil etmək üçün Mədəniyyət və Turizm Nazirliyi göndərib. Azərbaycanlı gənc musiqiçiyə Brüssel Konservatoriyasında təhsil almaq təklif olunub: «Hələ ki, Ceyla 10-cu sinifdə oxuyur. O, hələ Azərbaycandan kənarda olmaq istəmir. Doğrudur, çox yaxşı təklifdir, bu barədə düşünəcəyik».
S.Seyidova onu da vurğulayıb ki, «Bravo» beynəlxalq festivalının şərtlərinə görə, yarışda birincilik qazanmaq, artıq konservatoriyaya qəbul olunmaq deməkdir.
Onu da əlavə edək ki, Ceyla Seyidova bir neçə ildir ki, çoxsaylı beynəlxalq müsabiqə və festivallarda çıxış edir və hər bir çıxışı uğurla baş tutub.
DOSTLARINLA PAYLAŞ: