Cenifer Lopes türk jurnalistləri aldatdı
16 Noyabr 2012 Cümə 11:13
Müğənni oteldən "oyun oynamaqla" çıxıb
Türkiyədə bir neçə konsert verməyə hazırlaşan dünyaşöhrətli müğənni Cenifer Lopes türk jurnalistlərinin başına, sözün əsl mənasında, oyun açıb. Belə ki, Cey Lonun qaldığı otelin qarşısında əsl çadır düşərgəsi quran media nümayəndələri ulduzun cangündənləri tərəfindən aldadılıb.
Yerli vaxtla saat 14:30-da otel mühafizəçiləri və cangüdənlər kadr və şəkil çəkilməməsi üçün canfəşanlıq göstərməyə başlayıblar. Bu zaman otelin önündə saxlanılan qara şüşəli VİP avtomobilə Cenifer Lopesin mindiyini zənn edən jurnalistlər həmin avtomobili izləməyə başlayıblar. VİP avtomobil kütləvi-informasiya vasitələrinə məxsus avtomobillərdən qaçmaq üçün sürətini artırıb. İstanbulun Kuruçeşme bölgəsində başlayan təqib Eminönündə Qalata körpüsü üzərində başa çatıb. Belə ki, körpünün üstündə həmin avtomobildən Cenifer Lopesin qrupundan olduğu ehtimal edilən 2 qadın düşüb və körpü üzərində şəkil çəkdirməyə başlayıb. Bunu görən jurnalistlər çaşqınlıq içində geri qayıtmağa məcbur olublar.
Jurnalistlərin başı "yalançı" Cenifer Lopesə qarışarkən, müğənninin başqa avtomobillə oteldən çıxdığı ehtimal edilir.
DOSTLARINLA PAYLAŞ: