“Blue” qrupu
12 May 2011 Cümə Axşamı 11:00
“Azərbaycan kişilərinin bəxti çox gətirib, çünki Bakıda həddindən artıq gözəl qızlar var”
Düsseldorf. Ülkər Qasımova-APA. Böyük Britaniyanı “Eurovision-2011” mahnı müsabiqəsində məşhur “Blue” qrupu təmsil edir. Dünyada çox tanınan və yetəri qədər pərəstişkar auditoriyası olan bu qrupun artıq “Esprit Arena”da məşqləri baş tutub. “Eurovision-2011” müsabiqəsinin əsas favoriti olan “Blue” qrupu mayın 14-də final konsertində “İ can” mahnısı ilə çıxış edəcəklər. Populyar “Blue” qrupunun üzvləri APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinə eksklüziv müsahibə də veriblər. Müsahibə zamanı sualları qrupun 4 üzvü - Simon Webbe, Lee Ryan, Duncan James, Antony Costa səmimi cavablandırıblar.
- “Eurovision” səhnəsində artıq məşqlərimiz baş tutub və hər şey çox uğurlu keçib. Səhnədə çıxışlarımızda heç bir çətinliklə üzləşməmişik. Ümidvarıq ki, final günü də hər şey bu qədər yüksək səviyyədə keçəcək. Bizim məşqlərimizi izləyən tamaşaçılar çıxışlarımızı yüksək səviyyədə qarşılandı və bu bizi çox məmnun edir.
- Hamı sizi artıq “Eurovision-2011” müsabiqəsinin qalibi hesab edir. Siz necə?
- Düşünsək ki, bizdən əlavə final mərhələsində 24 ölkə iştirak edir, o zaman belə qənaətə gəlmək olur ki, hər kəsin şansı eynidir. Yalnız biz beş ölkə olaraq birbaşa finalda çıxış etmək imkanı qazanırıq. Digər 20 ölkə isə yarımfinallardan səsvermə ilə seçilir. Hər bir ölkənin qalib gəlmək şansı var, xüsusən də builki yarışmada, çünki ifalar çox uğurludur. Digər bir tərəfdən isə biz “Blue” qrupu olaraq “Eurovision” müsabiqəsinə qalib gəlmək üçün deyil, bu abı-havanı duymaq və “Eurovision”un sənətçilərə yaratdığı şanslardan istifadə etmək üçün gəlmişik. Məsələn, bəzi ölkələrdə - elə Azərbaycan da daxil olmaqla hər zaman konsert vermək istəmişik, ancaq bu istəyimiz alınmayıb və məhz “Eurovision” sayəsində bunu edə bildik.
- Dünyada “Blue” adı yetəri qədər məşhurdur və inanılmaz dərəcədə pərəstişkar auditoriyanız var. Bu populyarlıq müsabiqədə sizə kömək olacaqmı?
- Çox ümid edirik, çünki istənilən qədər populyar olan bir ifaçı belə qatıldığı müsabiqədə qalib olmaq istəyir. Əlbəttə biz anlayırıq ki, tanınmış olmağın üstünlükləri var. Böyük Britaniyanın məhz bizimlə təmsil olunmasını eşidənlər maraq göstərir və mahnımızı dinləmək istəyirlər. Bu da mahnımızın populyarlıq qazanmasına, sevilməsinə və daha çox yayılmasına şərait yaradır.
- Fəaliyyətiniz dövründə bir çox səhnələr görmüsünüz. Həmin səhnələrlə “Eurovision” səhnəsi arasında hansı fərqlər mövcuddur?
- “Eurovision” səhnəsi sadəcə “Eurovision” səhnəsidir. Əyləncəli, özünəməxsus və ən yüksək səviyyəli şouların təqdim etmək üçün lazımi avadanlıqların toplandığı bir səhnə...
- İlk dəfə sizin bu yarışmada iştirak etmək təklifini kim irəli sürüb? Nəzərə alaq ki, “Eurovision”da bir çox ölkə təmsilçisinin əsas məqsədi dünyaya açılmaq və simasını dünyaya tanıtmaqdır. “Blue” adı isə bütün dünyada tanınır. O zaman sizi bu müsabiqəyə qatılmağa hansı durum vadar etdi?
- BBC telekanalı ilk dəfə bu təkliflə bizə müraciət etdi və Böyük Britaniyanı müsabiqədə təmsil etməyimizi istədi. Dünyada nə qədər tanınmış sima olmağından asılı olmayaraq öz ölkəni hər hansısa bir yarışmada təmsil etmək çox qürurvericidir. Bu yarışmada iştirakımıza razılıq verməyimizin səbəbinə gəlincə, bu addımımızla göstərdik ki, Böyük Britaniya bu müsabiqəni ciddiyə alır və “Eurovision”a oyuncaq kimi baxmır.
- Müsabiqədən öncə Azərbaycanda səfərdə olmusunuz. Ölkəmiz və xalqımız haqqında hansı təəssüratlarınız yaranıb?
- Azərbaycanla bağlı çox gözəl təəssüratlarımız var. Bizcə Azərbaycan kişilərinin bəxti çox gətirib, çünki həddindən artıq gözəl qızlarınız var. Hətta axşam otelə gələndə ora bura baxmaqdan boynumuzda ağrı əmələ gəlmişdi. Çox təəssüf ki, qısa müddət qaldığımız üçün Bakıdan kənara çıxa bilmədik və Bakını çox gəzmək imkanımız olmadı, ancaq gördüklərimiz hər birimizdə çox gözəl təəssüratlar yaratdı. Ümid edirik ki, yaxın zamanlarda Bakını gəzmək imkanı qazanacağıq. Bəzi restoranlarda olduq, sizin milli yeməklərinizdən daddıq, mətbəxiniz çox səviyyəli və dadlıdır. Qəhvənizi daddıq və qəhvənizin tamı bizi valeh etdi. Ölkəniz biz də elə xoş təəssüratlar yaratdı ki, biz bir daha Azərbaycana qayıtmaq istəyirik.
- Baxmayaraq ki, Böyük Britaniya müsabiqənin birbaşa finalında iştirak edir, ancaq son illər əldə edilən nəticələr heç də ürəkaçan deyil. Sizcə bunun səbəbi nədir?
- Bəlkə də təqdim etdiyimiz mahnılar top beşliyə və ya onluğa düşməyə layiq olmayıb. Çünki bu yarışmada nə təqdim etdiyin mahnı, nə şou, nə səsin səni yarı yolda qoymamalıdır və bunlar çox vacibdir. Əgər qalibiyyət əldə edə bilmirsənsə, demək bunların hansısa biri zəifdir.
- Sizcə, siyasət bu yarışmada nə dərəcədə rol oynayır?
- Mümkündür ki oynayır və bəzən həqiqətən də rol oynayır. Ancaq çox istərdik ki, səs verən tamaşaçılar bir gecəlik də olsa bu yarışmanın musiqi yarışması olduğunu xatırlayıb, siyasəti unutsunlar və səslərini məhz musiqiyə versinlər, daha qonşu ölkələrə və ya siyasi tərəfdaşlara deyil.
- 56 illik “Eurovision” tarixində çoxsaylı tanınmış və dünya şöhrətli ifaçılar müsabiqənin iştirakçısı olublar. Ancaq tarix sübut edib ki, simanın tanınması bu müsabiqədə rol oynamır. Əgər qalib gəlməsəniz, müsabiqəyə qatıldığınız üçün peşmançılıq hissi keçirməyəcəksiniz?
- Xeyr, qəti peşman olmarıq. Əlbəttə dediyimiz kimi hər bir iştirakçı ürəyində qalib olmaq hissi ilə buraya gəlir. Amma qalib gəlməsək belə, heç də peşman olmarıq. Hətta qalib gəlmədiyimiz təqdirdə, növbəti illərdə ölkəmizi yenidən bu yarışmada təmsil etməyə razılaşarıq. Biz qrup olaraq eksperimentləri, yenilikləri çox sevirik və “Eurovision” həyəcanı da bizim həyatımızda yenidir. Çox səhnələrin həyəcanı yaşamışıq və bu səhnənin də həyəcanını yaşamaq istədik.
- “Blue” “Eurovision-2011” favortilərini müəyyənləşdiribmi? Düşüncələrinizi açıqlamaqdan çəkinmirsiniz?
- Əgər səs baxımından söhbət gedirsə, Avstriya təmsilçisini dəstəkləyirik. O xanım mükəmməl səsə sahibdir. Bundan əlavə, Fransa və Azərbaycan təmsilçiləri favortlərimiz arasındadır. İstənilən ölkə təmsilçisi burada bizə rəqibdir və eyni zamanda da sadaladığımız ifaçılar. Öz beynimizdə top beşliyimiz var və Azərbaycanda bu beşliyin içindədir.
- “Blue” olaraq Azərbaycanın qələbə qazanmaq şansını necə qiymətləndirirsiniz?
- Biz müsabiqə çərçivəsində bəzi ölkələrdə olmuşuq və bu ölkələr arasında Azərbaycan da olub. Sizin mahnınızı eşitdik və sonradan təmsilçilərinizlə tanış olduq. Düşünürük ki, səsləri bir-birlərinə çox uyğundur və uğurlu bir mahnıdır. Bu yarışmada Azərbaycanın şansları çox yüksəkdir. Ümumilikdə deyə bilərik ki, Azərbaycan bu yarışmada iştirak etdiyi ildən bəri statistika baxımından çox güclü nəticələr göstərir. Dörd illik təmsilçiliyiniz dövründə hər zaman top 10-da olmusunuz. Bu isə o deməkdir ki, Azərbaycan bu müsabiqəyə ciddi yanaşır və təqdim etdiyi mahnılar Avropa tamaşaçısı tərəfindən sevilir...
DOSTLARINLA PAYLAŞ: