Bəsti Sevdiyeva: Bircə onu bilirəm ki, 24 ildir bir kişidə ərdəyəm
12 Noyabr 2009 Cümə Axşamı 10:15
Bəsti Sevdiyeva: "Hər halda gənc nəslə pis nümunə deyiləm"
- Bəsti xanım, «səs imkanlarından çox xarakter insanı muğama aparır» fikri ilə razısınızmı?
Çox düzgün fikirdi. Məsələn, mən muğamda Məhəmməd Füzulidən, Nəbatidən və ya Seyid Əzimdən oxuyuram. Bu qəzəllərlə işləyənin xarakteri necə yüngül ola bilər? Bir sözlə, muğam insanı kamilləşdirir, müdrikləşdirir. Muğam ilahi bir musiqidir. İnsan istər-istəməz özü də ilahiyyata doğru gedir, tanrıya üz tutur. Muğam başdan-ayağa əxlaq, tərbiyədir.
- Sizcə, nəyə görə bir çox müğənnilər sənətə muğamla başlasalar da, estradaya və ya digər janrlara qaçırlar?
Muğam səbir tələb edən bir janrdır. Muğam kimi bir dəryanın dərinliklərində qalmağa hər kəsin hövsələsi çatmaz!
- Bəsti xanım, muğamda olaraq şou-biznesdə baş verənlərə necə baxırsınız?
İnanın mənə, bu sahə mənim maraq dairəmdən kənar olduğundan, heç olanlardan xəbərim də yoxdur. Başımı aşağı salıb sənətimlə məşğulam.
- Rəqsanənin atasız uşaq dünyaya gətirməsindən, Röyanın dünyada ilk dəfə olaraq hamiləliyinin 9-cu ayında konsert verməsindən, ana olmasından, Almazın qızlarının boşanmasından, İradənin Türkiyəyə ərə getməsindən də xəbəriniz yoxdur?
Allah hamısını xoşbəxt eləsin! Bircə onu bilirəm ki, 24 ildir bir kişidə ərdəyəm, iki övladım var.
- Yəqin, Ramiz Mehdiyevin məqaləsindən sonra televiziyalarda aparılan islahatlardan da xəbəriniz yoxdu…
O məqalədən xəbərim var. Baş verənlərdən xəbərim olmasa da, anlayıram ki, vəziyyət o həddə çatıb ki, ölkə rəhbərliyi problemə əl qoyur. Efirdə göstərilənlər tamaşaçının əxlaqına, əqidəsinə, mənəviyyatına ziyan vurursa, əlbəttə, bunları yığışdırmaq lazımdır. Mənim fikrimi bilmək istəyirsinizsə, şəxsən mən heç kimin işinə qarışmaq istəmirəm. Mən ancaq Bəsti Sevdiyeva olaraq özümə cavabdehəm və düşünürəm ki, hər halda gənc nəslə pis nümunə deyiləm.
- Niyə axı? İllərin sənətkarısınız, özünüz də müəllimsiniz. Münasibət bildirməyə hər halda ixtiyarınız çatır.
Təbii ki, bir azərbaycanlı qızı, müsəlman qadını kimi əxlaqa zidd şeylərin olmasını istəmərəm.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: