“Baku-Oupen”də mübarizə gərginləşir
24 Sentyabr 2009 Cümə Axşamı 11:55
Beynəlxalq şahmat turnirinin favoritləri xal itkisi ilə yadda qalıblar
Novxanıda keçirilən “Baku-Oupen” beynəlxalq şahmat turnirində 3-cü turun oyunları da, arxada qalıb. Bu tur daha çox turnirin reytinq favoritləri Şəhriyar Məmmədyarovla, Amerikalı Qata Kamskinin xal itkisi ilə yadda qalıb. Ən güclülər qrupunda qərarlaşmış “Baku-Oupen”in reytinq favoriti, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov bu tur beynəlxalq usta Vasif Durarbəyli ilə heç-heçə edib.
Turnirin qalibi adını qazanmağa ən real namizədlərdən biri, Dünya Kubokunun sahibi, amerikalı beynəlxalq qrossmeyster Qata Kamski isə gürcü Şota Azaladze ilə mübarizə aparıb. Bu qarşılaşmada da, tərəflər hərəyə yarım xal qazanıblar. İsrailli qrossmeysterlər İlya Smirinlə Viktor Mixalevskinin tərəf müqabilləri bu tur Gürcüstan şahmatçıları olublar. İlya Smirin İveri Çiqladzeni, Viktor Mixalevski isə Baçana Morçiaşvilini məğlub ediblər. Nicat Məmmədov gürcü Davit Venidze ilə sülh bağlayıb. Digər şahmatçımız Rəsul İbrahimov da qələbə sevinci yaşaya bilməyib. Rəsul Fərid Zeynalovla görüşdə yarım xala razı olub.
Xanım şahmatçılarımızdan Zeynəb Məmmədyarova gürcü Davit Mağalaşvili ilə oyunda məğlub olub.
DOSTLARINLA PAYLAŞ: