Azərbaycanlı müğənninin klipi Ukrayna telekanallarında ...
07 Noyabr 2012 Çərşənbə 17:01
Eldar Qasımov “I’m free” sinqlını bir neçə ölkədə təqdim edəcək
Azərbaycana “Eurovision” qalibiyyəti qazandıran, gənc və istedadlı, ardı-arası kəsilməyən uğurlarına baxmayaraq dayanmadan öz üzərində işləyən Eldar Qasımov Ukraynaya səfər edib. ANS PRESS-in məlumatına görə, sənətçinin səfərinin məqsədi artıq kifayət qədər reytinq qazanmış və tamaşaçı auditoriyası toplamış “I’m free” sinqlının promouşunu ilə bağlıdır. Hazırda Kiyevdə olan Eldar Qasımov səfər çərçivəsində müxtəlif televiziyaların çox baxımlı verilişlərində qonaq olacaq, sözügedən mahnını ifa edəcək, eyni zamanda Ukraynadakı pərəstişkarları ilə görüşəcək.
“Hər işgüzar səfər mənim üçün çox böyük məna kəsb edir. Artıq Kiyevdəyəm, bu gün efirlərdə qonaq oldum. Ölkə sərhədindən kənarda sevildiyimi görmək məni məmnun edir. Amma bu sevgiylə, uğurlarla kifayətlənmək fikrində deyiləm, daima irəli deyirəm”, - deyə o vurğulayıb.
E.Qasımov deyib ki, o, Ukraynada bir sıra təkliflər alıb: “Ukrayna mənim çox sevdiyim məkanlardan biridir. O səbəbdən də təklifləri dəyərləndirəcəyəm. Gələcək üçün konsert proqnozlaşdırılır. Vətənə qayıtdıqdan sonra səfər təəssüratlarımla bağlı daha ətraflı məlumatlar verəcəyəm. Hələ ki, sizləri Ukraynadan salamlayıram”.
Onu da bildirək ki, bu səfərdən sonra E.Qasımovun dünyanın daha bir neçə ölkəsinə eyni məqsədli səfərləri nəzərdə tutulur.