“Azərbaycanın mahnısını bəyənirəm”
09 May 2011 Bazar Ertəsi 17:52
Almaniya təmsilçisi Lena Mayer jurnalistlərə öz əlləri ilə şirniyyat bişirib və mətbuat konfransına ayaqyalın gəlib


Düsseldorf. Ülkər Qasımova – APA. ““Azərbaycanın “Eurovision-2011” mahnısını bəyənirəm. Yaddaqalan mahnınız var və yol gedərkən Azərbaycan mahnısı gələndə hamımız birgə “Running Scared”i oxuyuruq”. Bu sözləri APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinə müsabiqənin son qalibi və bu il ölkəsini 56-cı “Eurovision” yarışmasında “Taken by a Stranger” mahnısı ilə təmsil edəcək Lena Mayer deyib. O bildirib ki, bu il Azərbaycan təmsilçilərinin müsabiqədə yüksək nəticə göstərəcəyinə inanır.

Ötən ilin qalibi bu il heç bir təmsilçiyə rəqib gözü ilə baxmadığını söyləyib: “Müsabiqəyə bu il də qatılmağa özüm qərar verdim. Tam səmimi etiraf edim ki, ikinci dəfə burada iştirak etməkdən peşman deyiləm. Əsas məqsədim ölkəmi təmsil etməkdir, başqa heç nə düşünmürəm”.

Lena builki iştirakın onun üçün daha asan olduğunu da diqqətə çatdırıb: “Bu il müsabiqə mənim ölkəmdə keçirilir. Öz vətənimdə hazırlaşmaq, səhnədə çıxmaq daha asandır. Bu yarışma ətrafında o qədər gözəl şeylər baş verir ki, inanın, hər dəfə yeni nələrsə tapıram. Bu il də qalib gəlsəm, bilmirəm ki, qalibə verilən mükafatı özüm-özümə necə verəcəyəm”.

Lena Mayer müsabiqə çərçivəsində keçirdiyi mətbuat konfransında jurnalistlərə yaxşı ev sahibəsi olduğunu göstərib. O, gecə öz əlləri ilə bişirdiyi şirniyyatı mətbuat nümayəndələrinə paylayıb. Lena məşqdən sonra mətbuat konfransına ayaqqabısız gəlib. Mətbuat nümayəndələrindən üzr istəyən L. Mayer bunu ayaqqabısının üzərinə meyvə şirəsi tökülməsi ilə əlaqələndirib. Digər təmsilçilərdən fərqli olaraq, Almaniya təmsilçisi mətbuat konfransında jurnalistlərin şəkillərini çəkib və konfransı videolentə alıb.

Qeyd edək ki, Lena Mayer 2010-cu ildə Osloda keçirilən “Eurovision-2011” yarışmasının qalibi olub. O, birbaşa mayın 14-də keçiriləcək final konsertində çıxış edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar