"Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycana 3-cü yeri qazandıran Aysel Teymurzadə ilk konsertini Türkiyədə verəcək. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı müğənni Türkiyənin "Hürriyyət" qəzetinə verdiyi müsahibədə bildirib.
Sənətçi Türkiyənin Azərbaycana dəstək verəcəyindən əmin olduğunu deyib: "Türk xalqının bizə dəstək verəcəyindən əmin idim. Biz həmişə türk xalqına qardaş gözü ilə baxırıq".
Müğənni daha sonra yaxın vaxtlarda Türkiyəyə gedəcəyini və konsertlə bu xalqa təşəkkür edəcəyini də bildirib: "Türkiyəyə gəlməyi çox istəyirəm. Çünki ən böyük dəstək aldığım ölkə Türkiyədir. Türk xalqına təşəkkür etmək istəyirəm. İlk konsertimi də Türkiyədə verəcəyəm. İki ölkə arasındakı dostluğun əbədiyyətə qədər davam etməsini istəyirəm". /ANS PRESS/