Xalq artisti Aygün Kazımova Namiq Qaraçuxurludan sonra ilk dəfə duet oxuyacaq. Xalq artisti ANS PRESS-ə müsahibəsində yeni dueti haqqında bunları deyib: "Namiqdən sonra özümə söz vermişdim ki, heç vaxt duet oxumayacam. Heç istəmirdim də. Təkliflər çox olsa da, hamısına rədd cavabı verirdim. Amma Gökhanın ifasında "Bir gecəlik" mahnısını eşidəndə, özümü saxlaya bilmədim. Göz gözəl mahnıdır, əsl mənlikdir. Mahnının sözləri, musiqisi gecə yarısı məni məcbur etdi ki, studiyaya gedim onu oxuyum. Gökhanla duet oxumamızı özüm istədim, təklif də mənim tərəfimdən gəldi".
Söhbət sözləri Leyliyə, musiqisi Gövhər Həsənzadəyə aid olan "Bir gecəlik" mahnısından gedir. Gecə saat 03.00-da Aygün Kazımova tərəfindən yuxudan oyadıldığını deyən şairə Leyli mahnı haqqında bunları deyib: "Mahnının sözlərini məndən əvvəl Ayşə Birgül Yılmaz yazmışdı. Gövhər Həsənzadənin yazdığı musiqiyə uyğun gəlmədiyindən sözləri dəyişmək lazım gəldi. Mən musiqini dinləyib, mətni yazdım. Çox erotik alınıb. Başqa cür mümkün deyildi, çünki musiqi bu sözləri tələb edirdi. Məncə, Aygün xanımı da elə bu sözlər cəlb edib."