Avroviziya təmsilçimiz barədə cinayət işinə xitam verildi
19 Dekabr 2012 Çərşənbə 06:45
Samir Cavadzadə Elvin Hüseynova aralarındakı mübahisə zamanı bıçaq xəsarəti yetirmişdi.
Ötən il dostunu bıçaqlamaqda təqsirli bilinən Azərbaycanın “Eurovision-2008”' təmsilçisi Samir Cavadzadə barəsində başlanan cinayət işininə xitam verilib. Nəsimi rayon polis idarəsindən verilən məlumata görə, 2011-ci ildə dostu və otaq yoldaşı Elvin Hüseynovu aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaqlayan Samir Cavadzadə barəsindəki cinayət işi ilə bağlı son qərar verilib. Nəsimi rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə başlanan cinayət işinə xitam verilib.
Xatırladaq ki, ötən ilin sentyabrında Samir Cavadzadə Elvin Hüseynova aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaq xəsarəti yetirmişdi. Samir Cavadzadə ilk öncə törətdiyi əməli təkzib etsə də, hüquq-mühafizə orqanlarının açıqlamasından sonra cinayəti etiraf etmək məcburiyətində qalmışdı. Lakin, noyabrın 19-da o, Azərbaycan-Rusiya sərhədində saxlanılmış, sonradan məhkəmə tərəfindən azadlığa buraxılmışdı.
DOSTLARINLA PAYLAŞ: