Aleksandr Rıbak yekun imtahan konserti verib
09 İyun 2012 Şənbə 12:29
Ekspertlər Aleksandr Rıbakın skripkada ifasını yüksək qiymətləndiriblər.
Aleksandr Rıbak yekun imtahan konsertini verib. ANS PRESS-in eurovision.az saytına istinadla verdiyi məlumata görə, Rıbak konsertini İohan Sebastyan Bax və Frans Şubertin musiqisi ilə açıb. O, proqramını Klod Debüssinin "Claire de Lune" və Antonio Bazzininin "La Ronde de Lutins" əsərləri ilə davam etdirib. Əlbəttə ki, repertuarında estrada janrındakı bir sıra populyar kompozisiyalar, həmçinin "Daydream" adlı bəstəsi də olub.
"Mənim üçün vacib missiya janr və müxtəlif mədəniyyətlərin sintezini yaratmaqdan ibarət idi. Bütün konsertlərimdə bu mədəniyyətlərin hər birindən nəsə ifa etməyə çalışıram. Sadə klassik konsert də olsa, çox həyəcanlı görünməyimə səbəb elə bu idi" - Eurovision Mahnı Müsabiqəsi 2009-da öz "Nağıl"ı ("Fairytale") ilə Norveçə qalibiyyət sevincini yaşadan Aleksandr Rıbak konsertlə bağlı təəssüratlarını belə paylaşıb. Ekspertlər onun ifasına əla qiymət ("A") veriblər.
10 yaşından Oslodakı Barratt Due Musiqi İnstitutunda skripka ixtisasına yiyələnən Aleksandr Rıbak Eurovision Mahnı Müsabiqəsi 2009-dakı qələbəsindən sonra təhsilinə ara verməli olmuşdu. Ona görə də müğənni və bəstəkar yekun imtahanını iyunun 7-də institutun konsert zalında reallaşdıra bilib.
DOSTLARINLA PAYLAŞ: