Bir neçə müddət öncə jurnalistləri başına toplayıb yeni "Qatar" adlı klipini təqdim edən müğənni Sevinc Ağaşirinova çətin vəziyyətə düşüb. Belə ki, gənc və istedadlı rejissor Turqay Azərinin müğənni üçün çəkdiyi "Qatar" klipi "Bəxt üzüyü" filminin motivləri əsasında ekranlaşdırılıb.
Klipin süjetində Saranın 22 il əvvəl itirdiyi üzük tapılır. Klipdə aktyor Ayşad Məmmədov 22 ildən sonra Hüseyni, Sevinc Agaşirinova isə onun filmdəki qızı balaca Sevinc obrazında çəkiliblər.
Klipin sujet xəttinə görə, filmdə bəxt üzüyünü itirmiş Saranın balaca qızı Sevinc hadisələrin baş verdiyi evin həyətindəki ağacın dibində gizlətdiyi üzüyü 22 il sonra, anasının vəfatından sonra oradan çıxarır.
Sevinc uzun illərdən sonra atası Hüseynlə anasının məzarı önündə qarşılaşır. O vaxt bağ evində yaşayanları bir-birinə vuran o məşhur bəxt üzüyü Saranın məzarının üstünə buraxılır.
Sara obrazını canlandıran aktrisa Gülşad Baxşıyeva isə klipin sonundan narazıdır. Klipdə mərhum kimi qələmə verilməsinə qəzəblənən aktrisa Sevincdən inciyib.
Bu barədə danışan Ağaşirinova məsələ ilə bağlı narahatlığını belə ifadə edir: "Əslində rejissorun fikri klipin sonunda anamla atamı birgə və mehriban göstərmək idi. Ancaq müəyyən səbəblərə görə Gülşad xanım çəkilməkdən imtina etdi və çəkiliş etmək üçün ssenari belə dəyişdirildi.
Film neçə illərdir sevilir. İllər də keçsə, yenə də seviləcək. Ancaq Gülşad xanımın kliplə bağlı narazılığını anlamıram. İstəməzdim o, məndən incisin. Mənim heç bir günahım yoxdur. Bu, rejissorun işdir. Mən onun fikirlərinə müdaxilə edə bilmərəm. Çox istərdim ki, bu narazılığa son qoyulsun".
Onu da bildirək ki, "Qatar" mahnısının sözlərinin müəllifi Fərid.N, musiqisi Nüranə Nura aiddir.
Ekran işi üzərində başda rejissor Türkay Azəri olmaqla peşəkar komanda işləyib.