Türkiyədə iyunun 12-də keçiriləcək parlament seçkisində AKP (Hakim Ədalət və İnkişaf Partiyası) sıralarından deputat olmaq istəyən müğənni İbrahim Tatlısesin namizədliyi ləğv olunub. ANS PRESS “Rotahaber” saytına istinadən xəbər verir ki, buna səbəb AKP-nin daxilıində yaranan narazılıq olub. Belə ki, müğənninin daha əvvəl yaşadığı məhkumiyyətləri xatırladan bəzi partiya üzvləri Tatlısesin namizədliyinə kəskin reaksiyalarla qarşı çıxıblar. AKP sədri Rəcəb Tayyib Ərdoğan isə bu narahatlığı nəzərə alaraq müğənninin namizədliyinin ləğvi istiqamətində təlimat verib.
Tatlısesin namizədliyinin ləğv olunmasının əsas səbəbi partiya daxili etirazlar olsa da, AKP istimaiyyətə verəcəyi açıqlamada müğənninin səhhətində problemlər yarandığını irəli sürəcək.
Xatırladaq ki, məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanaraq xəstəxanada yatan müğənninin ziyarət edən baş nazir R. T. Ərdoğan onun namizədliyi qəbul etdiklərini demişdi. Bundan sonra İbrahim Tatlısesin əmisi oğlu Abdullah Tatlı namizədlik üçün müğənninin adından AKP-yə rəsmən
müraciət etmişdi.