Xəzərin Azərbaycan sektorunda daha bir iri qaz yatağında kəşfiyyat işlərinə başlanılır
08 Sentyabr 2011 Cümə Axşamı 11:26
BP-Azerbaijan şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman» perspektiv strukturda kəşfiyyat işlərinə başlayır.
«APA-Economics»in xəbərinə görə, strukturda kəşfiyyat işlərinin ilk mərhələsi 3D seysmik işlərin aparılmasından ibarətdir.

Bu gün həmin işlərə başlanılması ilə əlaqədar olaraq ictimai dinləmələr keçirilib. Dinləmələrdə bildirilib ki, yataq üzrə saziş 2010-cu ilin oktyabrında imzalanıb. Bu, yalnız «BP-Azerbaijan» və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iştirak etdiyi ilk layihədir. Qeyd edək ki, 3-ölçülü seysmik işlərin Azərbaycanın «Gilavar» kəşfiyyat gəmisi vasitəsi ilə aparılması planlaşdırılır.

Dinləmələrdə kəşfiyyat işlərinin detalları barədə məlumat verən «BP-Azerbaijan»ın geoloji kəşfiyyat qrupunun rəhbəri Arzu Cavadova bildirib ki, struktur Abşeron arxipelaqından 110 km məsafədə, suyun 659 m dərinliyində, yatağın özü isə 7 km dərinlikdədir. Kəşfiyyat işləri aparılan ərazidə suyun dərinliyi 650-900 m-dir: «Yataq çox mürəkkəbdir. Burada həm kəşfiyyat, həm də istismar işlərinin çox çətin şəraitdə aparılacağı gözlənilir. Bu amilləri nəzərə alaraq strukturun uğur ehtimalı 25% səviyyəsində qiymətləndirilir. Şirkət bu işlərin öhdəsindən gəlmək üçün bütün resurslardan istifadə edəcək. «BP-Azerbaijan» bu şəraitdə kəşfiyyat işlərini «Şahdəniz» yatağında da uğurla aparıb. Orada 6 kəşfiyyat və qiymətləndirmə quyusu qazılıb».

Ümumilikdə isə kəşfiyyat işləri 1500 kv. m-lik sahəni əhatə edəcək və 3-ölçülü seysmik işlər 3-4 aya yekunlaşacaq. Bundan sonra bir il ərzində alınan məlumatlar emal olunacaq və strukturda qazılacaq ilk kəşfiyyat quyusunun dizaynı qurulacaq. İlk kəşfiyyat quyusunun qazılmasına isə 2016-cı ilin sonunda başlanacaq. İşlərin operatoru «BP-Azerbaijan» şirkətidir.

«BP-Azerbaijan»ın xarici ünsiyyət məsələləri üzrə meneceri Tamam Bayatlı bildirib ki, 3-ölçülü seysmik işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi ictimaiyyətin və maraqlı tərəflərin tanış olub öz rəy, irad və təkliflərini bildirməsi üçün Bakıda müxtəlif yerlərdə, o cümlədən M.F.Axundov adına Milli Kitabxanada, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Neft Akademiyasının kitabxanalarında yerləşdirilib: «Alınan rəy, irad və təkliflər diqqətlə öyrəniləcək və sənədə daxil ediləcək».

Xatırladaq ki, ARDNŞ və BP şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən «Şəfəq-Asiman» perspektiv strukturun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında yeni Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 2010-cu il oktyabr ayında Bakıda imzalanıb. İmzalanma mərasimində BP-nin prezidenti Robert Dadli də iştirak edib.

«Şəfəq-Asiman» perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi prosesi 4 il çəkəcək və lazım gəldiyi təqdirdə müddət daha 3 il uzadıla bilər. Hər yataqda bir kəşfiyyat quyusu qazılacaq. Sözügedən perspektiv struktur qaz-kondensat strukturu kimi dəyərləndirilir. Strukturun ehtiyatları 500 mlrd. kubmetr qaz və 65 mln. ton kondensat həcmində qiymətləndirilir.

Xatırladaq ki, bundan öncə «Şəfəq-Asiman» dəniz bloku üzrə HPBS-nin əsas kommersiya prinsiplərini müəyyən edən «Sazişin Əsas Prinsipləri» razılaşdırılıb və imzalanıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən, «BP Exploration Caspian Sea» şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya, ARDNŞ isə qalan 50% paya malikdir.

Azərbaycan parlamenti 2011-ci il mayın 6-da bu sazişi ratifikasiya edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar