Krediti ödəməyənlərə pis xəbər
14 Avqust 2014 Cümə Axşamı 00:06
Banklardan götürülmüş pul kreditlərini vaxtında qaytarmadığınız halda üzləşəcəyiniz çətinliklər, problemlər nədən ibarətdir.
ANS TV-nin məlumatına görə, adının anonim qalmasını istəyən bu şəxs bankdan götürdüyü 3000 AZN krediti ödəyə bilmir. 12 ay 275 AZN ödəniş etməli olduğu halda o, yalnız 2 ayın ödənişini, yəni 550 AZN ödəyib. Onu narahat edən isə 2750 AZN kreditinin aqibətidir, hansı ki, ödəmək iqtidarında deyil.
Apardığımız araşdırma zamanı öyrəndik ki, hər bir bank borc alanın gecikdirildiyi ödənişin bir ayına görə, həmin şəxsə bildiriş göndərməli və bu cür davam edəcəyi təqdirdə bankın kredit götürən şəxsi məhkəməyə verəcəyini bildirməlidir. Əgər bu hal mütəmadi olaraq davam edərsə, kredit verən bank 6 ay sonra borc alan şəxsi məhkəməyə verməlidir.
Bank nümayəndəsi Elnur Quliyevin sözlərinə görə, müştərinin həqiqətən də faktiki ödəmə mənbəyi olub-olmadığı müəyyən edilir: “Əgər varsa, müəyyən qanunvericilik əsasında həmin ödəmə qaydası və formasında müştəri məcbur olaraq həmin məbləği ödəməyə məcbur edilir. Və yaxud da əğər pensiyadırsa, məhkəmədə qərar çıxarır ki, həmin pensiyanın müəyyən hissəsi ödənişə yönləndirilsin”.
Bu isə maaş və ya pensiya kartına daxil olan məbləğin 10 faizindən çox ola bilməz, lakin istisnalar mümkündür. Əgər kredit alan şəxs bütün bunlara baxmayaraq onun ödənişindən boyun qaçırırsa, artıq o, məsuliyyətə cəlb olunur.
Hüquqşünas Tahir Əlirzayev deyir ki, əgər borclu qəsdən bu borcu ödəməkdən yayınırsa, sözsüz ki, icra qurumunun əsaslandırılmış təqdimatı əsasında, məhkəmənin qərarı ilə borclu ilk növbədə 500 AZN-dən 1000 AZN-ə qədər cərimə oluna bilər: “Yaxud da 15 günə qədər inzibati həbs nəzərdə tutulub. Bundan sonra da əgər ödəmirsə, Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, nəzərdə tutulmuş cəza ilə məsuliyyətə cəlb oluna bilər”.
Lakin bu vəziyyətdən başqa bir çıxış yolu da var. Belə ki, əgər götürdüyünüz krediti ödəməkdə çətinlik çəkirsinizsə, bu zaman banka müraciət edib ödəniş məbləğinin azaldılmasını istəyə və yeni kredit tarixçəsi götürə bilərsiniz. Əsas isə odur ki, bir vaxtlar bəh-bəhlə götürdüyünüz krediti çətinliklə də olsa, gec-tez geri qaytara bilərsiniz.
DOSTLARINLA PAYLAŞ: