Son bir ayda Azərbaycanda tikinti materialları 7,7 faiz ucuzlaşıb, Ekspertlərin proqnozlarına görə, tikinti bazarında qiymətlərin ucuzlaşması payıza qədər davam edəcək
Son bir ayda Azərbaycanda tikinti materialları 7,7 faiz ucuzlaşıb. Satıcıların sözlərinə görə, ən çox ucuzlaşan tikintinin əsasını təşkil edən materiallardır. Onlar bildirir ki, ucuzlaşmaya baxmayaraq, satış 50 faizə qədər azalıb. İnşaat materialları bazarını araşdıran MBA konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimovun sözlərinə görə, tikinti materialları bazırının ən aktiv dövrü olan 2008-ci ildə qiymətlərdə 33 faiz artım müşahidə edilmişdisə, artıq 1 ildə qiymətlər elə bu qədər aşağı düşüb. «Dünyada baş verən maliyyə böhranı tikinti materiallarının qiymətlərindəki ucuzlaşmanı dərinləşdirməkdə davam edib. İstehsal xərclərinin azalması, kreditə çıxışın məhdudlaşdırılması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb. Nəticədə indi tikinti bazarında qiymətlər 2008-ci ilin mart ayındakı səviyyəyə enib.
Xaricdən gətirilən tikinti materiallarından fərqli olaraq ucuzlaşma yerli istehsal məhsullarında zəif müşahidə olunur. Ucuzlaşan mallar isə dəmirdən hazırlanan materiallardır. Neftin qiymətinin proseslərə təsir etdiyini deyən ekspertlərin proqnozlarına görə, tikinti bazarında qiymətlərin ucuzlaşması payıza qədər davam edəcək. Mütəxəssislər hesab edir ki, neftin qiymətində sabitlik davam etsə, 6 ay sonra tikinti bazarında canlanma yaranacaq.
/ANS PRESS/