“Ümid” yatağında 200 milyard kubmetr qaz ehtiyatı var”
25 Noyabr 2010 Cümə Axşamı 01:20
“Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq”
ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Prezident İlham Əliyevlə görüşdə Xəzərin Azərbaycan sektorundakı bir sıra təbii qaz yataqlarının texniki-iqtisadi göstəriciləri haqqında məlumat verib. Hələ sovetlər dövründə Azərbaycan neftçilərinin kəşf etdikləri “Ümid” yatağı barədə danışan Xoşbəxt Yusifzadə deyib ki, bu yataq Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşir. 1953-cü ildə burada birinci dəfə, 1972-ci ildə isə yenidən bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. Sonra 1977-ci ildən 1992-ci ilədək biz burada 9 quyu qazılıb. Lakin onların heç biri bu horizonta gedib çatmayıb və yatağın mənimsənilməsi mümkün olmayıb: “Nəhayət, qərara gəldik ki, Sizin köməyinizlə, xeyir-duanızla özümüz burada quyu qazaq. Bir də ki, Dövlət Neft Şirkəti 1994-cü ildəki şirkət deyil. İndi Dövlət Neft Şirkətinin maliyyə vəsaiti də, texniki, texnoloji imkanları da var. Bununla belə, yeni texnikanı qavramaq məsələsi də ortada idi. Ona görə bu, böyük bir risk idi. Burada iki məqamı qeyd etmək istəyirəm. Ümumiyyətlə, kəşfiyyat quyusunu platformadan qazmırlar. Dünyada belə təcrübə yoxdur. Platformadan quyuları yalnız açılmış yatağın sərhədlərini təyin etmək üçün qazırlar. Amma tamam açılmamış yataqda platformadan kəşfiyyat quyusu qazmırlar. Buradakı bütün quyular “Xəzər” tipli üzən qazma qurğuları ilə qazılmışdır. Bunlar 60-70 metr dərinlikdə iş görə bilirlər”.

Xoşbəxt Yusifzadə bildirib ki, ARDNŞ əvvəlcə üzən qazma qurğularından istifadə etmək niyyətində olub. Lakin sonradan hesablanıb ki, platformadan qazılsa, daha ucuz olar. Lakin təxminən iki dəfə baha alınıb: “Ona görə, bu platforma riskdir. Burada bizim ikinci böyük bir işimiz oldu ki, bu platformanı 6 quyu üçün layihələndirdik. Bunun müsbət cəhəti onda oldu ki, quyunu üzən qazma qurğusundan qazandan sonra çıxıb gedirsən. Amma burada platforma olduğu üçün, indi bir quyudan yaxşı nəticə almaq o deməkdir ki, biz bundan başqa daha 5 quyu qaza bilərik. Qazma prosesi mürəkkəb şəraitdə çətinliklə başa gəldi. Ancaq məqsədə çatdıq, 5-ci horizontu aça bildik. Beşinci horizontun olması o deməkdir ki, burada mütləq 6-cı, 7-ci, 8-ci horizontlar da var. Əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsasən yüz faiz əminliklə deyə bilərik ki, biz burada böyük yataq açmışıq. İndi qətiyyətlə deyə bilərik ki, burada 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı var. Hələlik bu quyudan əldə olunmuş məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir”.

ARDNŞ-nin birinci vitse-prezidenti deyib ki, indi qarşıda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Onun sözlərinə görə, bu quyunun perspektivli olması sübut edir ki, “Babək” yatağı “Ümid”dən iki dəfə böyükdür: ““Ümid”də yaxşı nəticə almağımız o deməkdir ki, “Babək”in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda “Babək” aşağıda yerləşdiyi üçün onun ehtiyatı iki dəfə çoxdur. Yəni, “Ümid”də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr olacaq, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi “Ümid” yatağında bizim bir quyumuz var. Bu quyu dənizdə suyun dərinliyi 170 metr olan sahədə qazılıb. İnşallah həmin quyunu istismara verəndən sonra Sizin köməyinizlə işlərimizi davam etdirərik. Hesab edirəm ki, yaxşı nəticələrə nail olsaq, həm təcrübəmiz artacaq, həm də “Babək”də də işləri özümüz görəcəyik”.

Xoşbəxt Yusifzadə bəyan edib ki, əgər Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar