“Standard & Poor’s” ARDNŞ-in reytinqini yüksəldib
29 Dekabr 2011 Cümə Axşamı 14:19
Reytinq “Sabit” proqnozla “BB”-dən “BB+”yə yüksəldilib.
“Standard & Poor’s” Beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) reytinqini “Sabit” proqnozla “BB”-dən “BB+”yə yüksəldib. ARDNŞ-in reytinqinin yüksəldilməsi Azərbaycanın müstəqil reytinqlərinin (BBB-/Sabit/A-3) yüksəlməsi ilə şərtlənib.

Agentliyin məlumatında deyilir ki, dövlətə məxsus olan ARDNŞ-in hökumətdən dəstək almasının mümkünlüyü yüksək qiymətləndirilir, şirkətin iqtisadiyyat üçün əhəmiyyəti böyükdür, neft emalı və neft kimya sahəsində inhisarçı mövqeyinə malikdir. Həmçinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində müvafiq olaraq 11,6461 faiz və 10 faiz iştirak payına sahibdir.

Agentliyin qiymətləndirilməsində, həmçinin şirkət tərəfindən ölkədə və xaricdə müxtəlif layihələrdə iri kapital qoyuluşları həyata keçirməsi amili də nəzərə alınıb. Bundan əlavə, Azərbaycanın neft emalı və neft-kimya sahəsinin müasirləşdirilməsi və yenidən qurulması işlərinin həyata keçirilməsi də reytinqin qiymətləndirilməsində müsbət rol oynayıb. Eyni zamanda vurğulanır ki, reytinqin artırılmasına, əsasən ölkənin suveren reytinqinin yüksəlməsi amili də təsir göstərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar