Son pensiya və maaş artımları təxminən üç milyon adamı əhatə edib
21 Oktyabr 2010 Cümə Axşamı 00:45
Maliyyə naziri: “Bu ilin doqquz ayın ərzində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 319 manata çatıb”.
2010-cu ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz çox olub, başqa sözlə əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasiyanı iki dəfə üstələyib: “Əhalinin maliyyə imkanlarının göstəricisi sayılan əhaliyə təqdim olunan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz, əhalinin banklardakı əmanətləri isə 34,4 faiz artıb. Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikası 140 ölkə ilə xarici ticarət dövriyyəsini həyat keçirib ki, bunun həcmi 20,2 milyard dollar, o cümlədən idxalın həcmi 4,5 milyard, ixracın həcmi isə 15,7 milyard ABŞ dolları təşkil edib. Yəni bu dövr ərzində xarici ticarət saldosu müsbət 11,2 milyard ABŞ dolları olub. Hesabat dövründə dövlət büdcəsinin mədaxili 7 milyard 505 milyon manat və ya 93,6 faiz yerinə yetirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyon manat və ya 3,7 faiz çoxdur”.
Maliyyə naziri məlumat verib ki, 2009-cu ilin müvafiq dövrünə nisbətən bu ilin doqquz ayında dövlət büdcəsindən müdafiə xərclərinə 20 faiz, kənd təsərrüfatı xərclərinə 14,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 13,9 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinə 9,4 faiz, mədəniyyət xərclərinə 8,3 faiz, səhiyyə xərclərinə isə 5,9 faiz çox vəsait yönəldilib: “Hesabat dövründə icra olunmuş dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon manatı və ya 30,2 faizi sosialyönümlü tədbirlərin, yəni təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin maliyyə təminatına sərf edilib ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur”.
Samir Şərifovun sözlərinə göə, 2010-cu ildə ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti əhəmiyyətli addımlar atılıb. Belə ki, cari ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Prezidentinin imzaladığı silsilə sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilib, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılıb: “394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılıb. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilib. Artımların tətbiqi təxminən 3 milyon nəfərin güzəranının daha da yaxşılaşmasına imkan verəcək. Artıq sentyabr ayından bu artımların tətbiqi ilə bağlı maliyyələşməyə başlanılıb”.
Nazir bildirib ki, bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşmasının ölkəmizin bir sıra rayonlarında törətdiyi irimiqyaslı təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı təbii fəlakətdən zərər çəkmiş əhaliyə birdəfəlik maddi yardımların ödənilməsinə, uçub-dağılmış evlərin tikintisinə və yeni yaşayış massivlərinin salınmasına, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturun bərpası və yenidən qurulması işlərinə aidiyyəti dövlət qurumları tərəfindən başlanılıb. Bu məqsədə dövlət büdcəsindən ayrılmış 320,5 milyon manat vəsaitdən 98 milyon manatı artıq təyinatı üzrə istifadə edilib. Bununla yanaşı, hesabat dövründə Şəki şəhərində, Astara, Masallı, Yardımlı, Lerik və Daşkəsən rayonlarında güclü küləyin müşayiəti ilə yağan leysan yağışlarının təsiri nəticəsində evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 10,1 milyon manat vəsait ayrılmışdır ki, ondan da 5,3 milyon manatı artıq istifadə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: