Sahibkarlara 1.2 milyon manat kredit verilib
22 İyun 2013 Şənbə 03:11
Bu kreditlər hesabına 106 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Lənkəran rayonunun Veravul kəndində keçirib. Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdən əvvəl dövlətin güzəştli kreditləri hesabına rayonun Ürgə kəndində 25 hektar ərazidə salınmış meyvə bağına və 25 hektar ərazidə yeni salınan meyvə bağında aparılan işlərə, Digah kəndində illik istehsal gücü 5.5 min ton olan müasir çörək zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla respublika üzrə sahibkarlıq subyektlərinin 1842 investisiya layihəsinin maliyyələşdirilməsinə 167.5 milyon manat güzəştli kredit verilib.
Bu investisiya layihələrinin reallaşdırılması 6800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1350-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 64.7 milyon manat güzəştli kreditlər verilib.
Tədbir çərçivəsində Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 1.2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 106 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: