Şahdəniz, Ümid, indi də Abşeron…
11 Sentyabr 2011 Bazar 06:31
Son illərdə kəşf olunmuş yataqlar Azərbaycanın böyük qaz potensialını təsdiqləyir.
Uzun əsrlərdir neft diyarı kimi tanınan Azərbaycan son illərdə dünyaya qaz hasil və ixrac edən ölkə kimi də səs salıb. Böyük potensiala malik “Şahdəniz” yatağından artıq beş ildir qaz çıxarılır və bunun sayəsində Azərbaycan qazının dünyaya yolu getdikcə şaxələnir. “Şahdəniz”dən sonra “Ümid” kəşf olundu. Bir-birinin ardınca gələn müjdələr Xəzərin ölkəmizə məxsus bölməsində bu yataqların tək olmadığından xəbər verir. Bunu geoloqlarımız da inamla deyirlər. “Abşeron” bu inamı bir daha doğrultdu.

Prezident İlham Əliyev “Abşeron” blokunda iri qaz yatağının kəşf edilməsini ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirib: “Fransanın “Total” şirkətinin rəhbərliyi qəbulumda olarkən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi barədə mənə məlumat verib. Mən öz növbəmdə bu şad xəbəri Azərbaycan ictimaiyyətinə çatdırmaq istəyirəm. Bütün Azərbaycan xalqını bu hadisə ilə əlaqədar təbrik etmək istəyirəm. Doğrudan da bu, böyük hadisədir”.

“Abşeron” bloku sahildən 100 kilometr aralıda, suyun dərinliyinin təxminən 500 metr olduğu sahədə yerləşir. Geoloqların sözlərinə görə, bu ərazidə qazmanın aparılması o qədər asan deyil. Elə bu səbəbdən də “Abşeron”un indiyə qədər “keçdiyi yol” asan olmayıb. Belə ki, yatağın işlənməsi üçün birinci beynəlxalq kontrakt hələ 1997-ci ildə imzalanmışdı. O vaxt görülən işlərin bir nəticəsi olmamış və 2005-ci ildə müqaviləyə xitam verilmişdi. Lakin ölkəmizin mütəxəssisləri “Abşeron”da məhsuldar layların olduğuna şübhə etmirdilər və onları üzə çıxarmaqda israrlı idilər. Onların xarici həmkarları da bu fikri təsdiqləyirdilər. Beləliklə, 2009-cu ilin fevral ayında ARDNŞ ilə “Total” arasında “Abşeron” blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni bir müqavilə imzalandı. Tərəfdaşlar bu addımı atmaqda yanılmadılar. Azərbaycanın neft mütəxəssislərinin zəngin təcrübəsi və dünyadakı ən mürəkkəb yataqlarda işləmək səriştəsi olan “Total” əməkdaşlarının birgə səyi öz nəticəsini verdi.

Qeyd etmək yerinə düşər ki, “Total” 130-dan çox ölkədə işləyən tanınmış şirkətdir. O, yataqların kəşfiyyatı, işlənməsi, neftin və təbii qazın hasilatı, emalı, nəqli və satışı sahəsində geniş fəaliyyət göstərir. Xəzər regionuna “Total” hələ 1993-cü ildə gəlib. Bu şirkət Qazaxıstanda da bir sıra önəmli layihələrin işlənməsində yaxından iştirak edir. Azərbaycandakı layihələrə isə 1996-cı ildən qoşulub. “Total” Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsas səhmdarlarından biridir və bu layihədə 5 faizlik iştirak payına malikdir. “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrində də tərəfdaşlıq edərək onların hər birində 10 faizlik iştirak payı alıb.

“Abşeron”da isə Fransa şirkəti təkcə tərəfdaş kimi yox, həm də əməliyyatçı kimi iştirak edir. Bu ilin iyun ayında Bakıda keçirilən 18-ci beynəlxalq neft-qaz sərgisinin konfrans hissəsində ARDNŞ-in və “Total”ın zəngin təcrübəsi ilə “Abşeron” blokundakı bütün çətinliklərin aradan qaldırılmasının mümkün olduğuna inam ifadə edildi. ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Abşeron”da qazılan axtarış quyusunun 7200 metr dərinlikdə olduğunu və Qala lay dəstəsində yerləşdiyini bildirdi. O vaxt quyu artıq 4700 metr dərinliyə çatmışdı. Quyuya 13 düymlük qoruyucu kəmər buraxılmışdı. Xoşbəxt Yusifzadə bunu mütəxəssis nöqteyi-nəzərindən izah edərək böyük nailiyyət kimi dəyərləndirdi, layihədə onların tərəfdaşı olan “Total”ın cəsarətini yüksək qiymətləndirdi.

Beləliklə, Azərbaycanın Xəzərdəki yataqlarda xarici şirkətlərlə birgə apardığı iş öz bəhrəsini verir. İndi “Şahdəniz”in tammiqyaslı işlənməsi həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində çıxarılan qaz ölkəmizdəki istehlakçılara, eləcə də Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə çatdırılır. Əgər bu mərhələdə yataqdan ən yüksək sabit hasilat dövründə ildə 9 milyard kubmetr qaz çıxarılacaqsa, növbəti mərhələdə hər il daha 16 milyard kubmetr qaz əldə olunacaq. Bu isə dünya bazarlarında bir təchizatçı kimi Azərbaycanın üzünə geniş qapıların açılması deməkdir.

Yaxın illərdə “Şahdəniz” qazına “Ümid”dən çıxarılacaq mavi yanacaq da qoşulacaq. Bu yataq da böyük potensiala malikdir. “Ümid”i ARDNŞ öz qüvvəsi ilə kəşf edib və orada Azərbaycanda inşa edilmiş platforma qurulub. İndi ölkəmizin özünün belə nəhəng yataqlarda iş aparmaq üçün həm qazma qurğuları, həm zəruri avadanlıq buraxan istehsalat sahələri, həm də təzələnmiş infrastrukturu var.

Nəticədə ölkə əhalisinin mavi yanacağa olan tələbatı getdikcə daha dolğun ödənilir, Azərbaycan qazını dünyaya aparan yollar daha da şaxələnir. Xəzərdə neftlə, qazla zəngin olan yataqlar isə hələ çoxdur. “Abşeron”un kəşfi bunu bir daha sübut etdi.

Bütün bunlar ulu öndər Heydər Əliyevin neft strategiyasının möhkəm təməlindən şaxələnən uğurlu yollardır. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanın bu sahədəki siyasəti çox düzgündür, dəqiqdir, Azərbaycanın milli maraqlarına xidmət edir. Əminəm ki, gələcəkdə belə şad xəbərlər çox olacaq. Növbəti illərdə yataqlarda kəşfiyyat-qazma işləri aparılacaq və beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradılacaq”. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar