- Rusiyanın «Qazprom» şirkətinin rəhbəri Aleksey Millerlə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan memorandumda nələr nəzərdə tutulub?
-Ümumiyyətlə, bir ilə yaxındır «Qazprom» ilə müəyyən danışıqlar aparılır. Danışıqlar nəticəsində biz memorandum imzaladıq. Bu memorandumda bizim hansı sahələrdə əməkdaşlıq edəcəyimiz məsələlər əhatə olunub. Orada «Qazprom»un və ARDNŞ-in qaz infrastrukturlarının birgə işlənməsi kimi məsələlər var. «Qazprom» İrana qaz vermək marağında olduğunu bildirmişdi. Bizim də gələcəkdə «Qazprom»un infrastrukturundan istifadə edib, başqa dövlətlərə qaz vermək, tranzit xətləri kimi istifadə etmək maraqlarımız var. Çox məsələlər var ki, bizim ümumi maraqalarımıza aiddir. Onlar bu memorandumda birləşdirilib.
- Artıq razılıq əldə edildiyini demək olar?
- Bu razılıq deyil. Bu memorandumdur və müəyyən maraqlar dairəsidir. Bizim maraqlarımızı və imkanlarımızı əks etdirir. Demək olmaz ki, biz hara isə qaz satırıq. Biz ikitərəfin maraqlarını əks etdirən suallara baxacağıq.
- Qiymətlə bağlı konkret müzakirələr olub?
- Azərbaycan tərəfinin əsas maraqlarından biri öz qazını böyük qiymətə satmaqdır və biz hər bir marşrutu araşdırırıq. Qaz kampaniyaları, dövlətlərlə danışıqlar aparırıq. Bu da o danışıqların müəyyən hissəsidir. Burada Şahdəniz qazının ikinci fazasından söhbət getmir. Bu məsələ ayrı danışıqların mövzusudur. Söhbət ARDNŞ-in özünün artıq qaz həcmlərindən gedir. Gələcəkdə «Qazprom» Şahdəniz qazının alıcıları siyahısındadır.
- «Qazprom» Azərbaycan qazına nə qiymət təklif edir?
- Bu, Şahdəniz qazının danışıqları deyil. Bu, ARDNŞ-in artıq qaz həcmlərini gələcəkdə «Qazprom»a satmaq məsələsidir. Biz əsas satış formulasına baxırıq ki, orada məhsulumuzu daha yüksək qiymətə satmaq imkanları əldə edək. Bu da neft və neft məhsullarının qiymətindən asıl olan bir formuldur. «Qazprom» da bir kommersiya şirkətidir və hər bir əməliyyatdan gəlir əldə etmək istəyir. Bu formulada «Qazprom» Avropada hansı qiymətə satırsa, o qiymətə. Tranzit xətlərinə çıxandan sonra isə ona uyğun qiymətlərlə satmaq fikrindəyik.
- ARDNŞ üç layihəni nəzərdən keçirirdi. NABUKKO və sairə. Bu məsələlər gündəmdə qalıb?
- Məsələlərin hamısı gündəmdə qalır. Biz NABUKKO layihəsində, Türkiyə, Yunanıstan, İtaliya xəttində maraqlıyıq iştirakçılar ilə danışqlar aparılır. Biz hətta "Trans-Adriatik" boru xətti ilə də maraqlanırıq, onun da iştirakçıları ilə danışıqlar aparılır. Bizim üçün əsas qaz təhcizatçısı və istehsalçısı kimi çalışıb alternativ yollarda daha yaxşı şəraitdə öz qazımızı satmaqdır və bu istiqamətdə danışıqlar gedir.
- Azərbaycan NABUKKO layihəsində həm tranzit, həm də təhcizatçı ölkə ola bilər. Azərbaycan bunlardan hansının maraqlarına daha uyğun olduğunu müəyyənləşdirib?
- Azərbaycan ümumiyyətlə tranzit ərazi olaraq, öz ərazisini normal tranzit haqları ilə buraxmağa hazırdır və həmişə bunu bəyan edib. Hər bir neft və qaz məhsullarının Azərbaycandan keçməsinə hər bir şərait yaratmağı biz öz üzərimizə götürmüşük. Burada heç bir problem yoxdur. Azərbaycan ilk növbədə qaz istehsalçısı kimi öz qazını satmağa çalışır. Kimsə öz qazını bizim ərazidən keçirib hara isə aparmaq istəyirsə, bunda heç bir problem yoxdur. Biz danışıqlara hazırıq. Biz Azərbaycanın infrastrukturunu o layihələrə verə bilərik.
- «Qazprom» rəhbərliyi həm də Türkiyənin Yanacaq Energetika Nazirliyi ilə danışıqlar aparır. Yeni bir kəmər- «Mavi axın 2» layihəsinin tikilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın gələcəkdə hər hansı belə layihələrə qoşulması, iştirakı ilə bağlı müzakirələr olub?
- Yox, belə müzakirələr olmayıb. «Mavi axın 2»nin, eləcə də «Cənub axını» layihəsinin təqdimatı olub. Bu, ancaq sözdə olan layihələrdir. Onların həyata keçirilməsi üçün texniki iqtisadi əsaslandırılması yoxdur. Mən deyə bilmərəm ki, hansı layihə həyata keçirilir və ya gələcəkdə həyata keçiriləcək.
- Artıq yaxın vaxtlarda işə başlamaq planlaşdırırlar? Bu qeyri-realdır?
- Mən bu barədə heç nə bilmirəm.
- Rövnəq müəllim, ARDNŞ-in Ukrayna və Gürcüstanda layihələri var idi. Onların həyata keçirilməsi nə yerdədir?
- Gürcüstanda layihələrimiz davam edir. Külevi terminalı işləyir. Neft məhsulları satışı bazaları tikilir. Onların satışını həyata keçiririk. Keçən il biz Gürcüstanda ən böyük vergi ödəyicisi kimi qeydə alınmışıq. Ukraynada isə hələ ki, bazarı öyrənirik. Bazarın öyrənilməsi üçün biz orada nümayəndəlik açmışıq. Layihələri həyata keçirmək üçün bazar yüksək səviyyədə öyrənilməlidir. /ANS PRESS/