Pensiya fondları ilə bağlı yenilik
08 Avqust 2014 Cümə 14:37
Qeyri-dövlət pensiya fondlarının öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlər işlənəcək.
Dövlət Sosial Müdafiə Fondundan ANS PRESS-ə verilən məlumata görə, Avropa İttifaqının ekspertlər qrupu Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Azərbaycanda səfərdədir.

Aİ ekspertlər qrupunun səfəri çərçivəsində müxtəlif dövlət orqanları və digər təşkilatlarla görüş keçirmək, Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması nəzərdə tutulur.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, DSMF və Avropa İttifaqının birgə layihəsinin əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəlaiyyəti ilə əlaqədar meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir.

Qeyd edilən məsələlərin araşdırılması məqsədilə Avropa İttifaqının ekspertləri Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu, Azərbaycan İpoteka Fondu, Azərbaycan Beynəlxalq Bankı, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjasında və digər qurumlarda görüşlər keçiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar