Ötən il büdcədə 5.8 milyard manat profisit yaranıb
17 Yanvar 2011 Bazar Ertəsi 14:50
2010-cu il icmal büdcəsinin gəlirləri 19,3 milyard manat və ya 125,2 faiz icra olunub.
Ötən il Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin makroiqtisadi göstəricilərinin artım surəti təmin edilib, iqtisadiyyatın öncül sahələrində müsbət nəticələr əldə olunub. Maliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın 2010-cu il icmal büdcəsinin gəlirləri 19,3 milyard manat və ya 125,2 faiz icra olunub ki, bu da 2009-cu ilə nisbətən 4,9 milyard manat və ya 33,7 faiz, icmal büdcənin xərcləri 13,5 milyard manat və ya 94,7 faiz icra olmaqla 2009-cu ilə nisbətən 1,3 milyard manat (10,2 faiz) çox olub.

2010-cu ilin icmal büdcəsi 1,2 mlrd. manat profisitlə proqnozlaşsa da, faktiki olaraq 5,8 milyard manat profisit olub. Dövlət büdcəsinin mədaxili 11,4 milyard manat və ya 99,1 faiz, 2009-cu illə müqayisədə isə 1,1 milyard manat və ya 10,4 faiz çox icra edilib.

2010-cu ildə dövlət büdcəsinin xərcləri 11,8 milyard manat və ya 95,9 faiz, 2009-cu illə müqayisədə isə 1,3 milyard manat və ya 12 faiz çox olub. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 11,6 faizədək çox vəsait yönəldilib.

Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3,7 milyard manatı və ya 31,5 faizi sosialyönümlü xərclərin maliyyə təminatına sərf edilib ki, bu da 2009-cu illə müqayisədə 120 milyon manat və ya 3,3 faiz çoxdur.

Ölkənin müdafiə potensialının gücləndirilməsi məqsədi ilə 2010-cu il dövlət büdcəsinin cari, əsaslı xərclərindən və ehtiyat fondlarından üst-üstə 2,2 milyard manat və ya 2009-cu illə müqayisədə 562,0 milyon manat (35,5 faiz) çox vəsait yönəldilib.

2010-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərcləri 4,1 milyard manat icra olunub ki, bu da 2009-cu illə müqayisədə 600,0 milyon manat və ya 16,3 faiz çoxdur. Bu mənbədən sosial təyinatlı layihələrə 508,0 milyon manat, infrastruktur təyinatlı layihələrə 1,9 milyard manat, müdafiə və digər təyinatlı layihələrə isə 1,7 milyard manat vəsait sərf edilib.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikintisinə, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin təmin edilməsinə, Ağcəbədi, Beyləqan, İmişli, Saatlı, Ağdaş rayonlarında və Şəki şəhərində yeni xəstəxanaların, Bakı sağlamlıq mərkəzinin tikintisinə, Ağcabədi, İmişli, Saatlı, Qusar, Sabirabad rayonlarında avtomobil yollarının yenidən qurulmasına, kütləvi informasiya vəsaitlərinə maliyyə yardımı və mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikintisinə və yardıma və digər dövlət əhəmiyyətli tədbirlərə 159,5 milyon manat vəsait yönəldilib.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasına 2010-cu il dövlət büdcəsindən 106,0 milyon manat vəsait yönəldilib, Dövlət Taxıl Fonduna tədarük edilməsi üçün idxal olunan taxıl və taxıl emalı məhsulları əlavə dəyər vergisindən azad edilib.

Hesabat dövründə sahibkarlara maliyyə dəstəyinin artırılması məqsədilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən 44,0 milyon manat vəsait yönəldilib. 2010-cu ildə dövlət büdcəsindən "Aqrolizinq" Səhmdar Cəmiyyətinə 40 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5,0 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, büdcə və maliyyə sektorlarında şəffaflığın artırılması və səmərəliliyin daha da yüksəlməsi beynəlxalq maliyyə institutları və ekspertləri tərəfindən müsbət qiymətləndirilib. Hesabat ilində “Standard & Poor`s” reytinq agentliyi Azərbaycanın reytinqini dəyişməyərək 2009-cu ilin səviyyəsində saxlayıb, “Fitch” agentliyi iqtisadi perspektivi “Stabil” saxlayaraq, Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kreditlər üçün reytinqini “BB+” səviyyəsindən ilk investisiya səviyyəsinə, yəni “BBB-” səviyyəsinə qaldırıb.

Dövlət büdcəsi prosesinin şəffaflığının səviyyəsi ilə bağlı 100-ə yaxın ölkədə sorğu aparan nüfuzlu Beynəlxalq Büdcə Əməkdaşlığı təşkilatının hesabatında isə Azərbaycanın büdcə sahəsində həyata keçirdiyi islahatlar və məqsədyönlü tədbirlər müsbət qiymətləndirilərək 100 ballıq şkala üzrə ölkəmizin göstəricisi 6 bal artırılaraq 43 bala çatdırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar