Ölkədə çayçılıq tənəzzülə uğrayır
10 Aprel 2009 Cümə 14:50
Fermerlərə uzunmüddətli kreditlərin ayrılması ilə bağlı hökumətə müraciət olunub

 

Azərbaycanda çayçılıqla məşğul olan fermerlərə uzunmüddətli kreditlər verilməsə və bu sahəyə xüsusi yanaşma tətbiq edilməsə, satışda yerli çay tapmaq müşkülə çevriləcək. Fermerlərin sözlərinə görə, bunun əsas səbəbi çay plantasiyalarının əhaliyə pay torpaqları kimi verilməsi və bu sahəyə investisiya qoyuluşunun dayandırılması olub. Üstəlik, çayın satınalma qiymətlərinin kəskin aşağı düşməsi də bu sahəyə marağı azaldıb. Fermerlər bildirirlər ki, vəziyyətdən çıxış yollarından biri kimi çayın qiyməti qalxmalıdır. Onların sözlərinə görə, indiki qiymət heç maya dəyərini ödəmir.
Astara Çay Emalı Fabrikinin icraçı direktoru Nizami Rəsulov indiki vəziyyətdə qiymətlərin kəskin artırılmasını mümkünsüz saysa da, dəyişiklikləri istisna etmir: «Ola bilsin ki, dunya bazarında çayın satın alma qiymətinin artımına görə may ayında yığım vaxtı qiymətlərə bir də baxılsın». Onun sözlərinə görə, müəssisə ötən il cəmi 217 ton çay yarpağı qəbul edib. Yeri gəlmişkən, sovet dövründə Astarada 3 min hektardan 8 min ton yaşıl çay yarpağı istehsal olunurdu. İndi isə çay becərilən sahələr 560 hektara düşüb.
Astara rayon icra başçısının aqrar məsələlər üzrə müavini Allahverən Mahmudov bildirib ki, çayçılığın inkişafından ötrü bu gün uzun müddətli kreditlər lazımdır: «Satın alma qiymətlərinin qaldırılması və subsidiyaların 2 dəfə qaldırılması lazımdır».

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə bildirib ki, son 15 ildə Azərbaycanda çay istehsalı 1000 dəfə azalaraq 320 tona düşüb. Bunu nəzərə alan hökumət çayçılığın inkişafı üçün xüsusi proqram hazırlayıb: «Dövlətin təsdiq elədiyi proqrama görə çayın 3 min tona çatdırılması nəzərdə tutulur. Bunun üçün aqrotexniki tədbirlər görüləcək». Sabir Vəliyevin sözlərinə görə, çay 7-8 ildən sonra məhsul verdiyi üçün fermerlərə uzunmüddətli kreditlərin ayrılması ilə bağlı hökumətə müraciət olunub.

Xatırladaq ki, Azərbaycanda hər il 10 min tondan artıq çay içilir və bunun cəmi 5 faizi ölkədə istehsal olunur. BMT-nin kənd təsərrüfatı və ərzaq təşkilatı dünyada çayın kəskin bahalaşacağı barədə məlumat yayıb. Səbəb kimi isə quraqlıqla əlaqadər Hindistan və Şrilankada istehsalın kəskin azalması göstərilir.

Qeyd edək ki, çay digər kənd təsərrüfatı məhsullarından fərqli olaraq birjalarda deyil, müqavilələr əsasında satılır. İndi 1 ton çayın qiyməti növündən və keyfiyyətindən asılı olaraq 1500- 25000 dollar arasında dəyişir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar