Neftin ucuzlaşması büdcəyə təsir edəcəkmi?
09 İyun 2012 Şənbə 15:30
ANS PRESS Azərbaycanın 2012-ci il dövlət büdcəsinin taleyi ilə maraqlanıb.
Artıq altı həftədir ki, dünya üzrə neftin birja qiymətləri ardıcıl şəkildə aşağı düşür. Nyu-York əmtəə birjasında “WTI” markalı neftin iyul fyuçerslərində bir barrelin qiyməti 82,59 dollara qədər düşüb. Qərb analitikləri bunu ciddi əlamət sayırlar və sonuncu dəfə bu cür uzun müddətli ucuzlaşmanın 1988-ci ildə baş verdiyini bildirirlər. Azərbaycana isə sanki bu söhbətlər gəlib çatmır, hətta Milli Məclis mayın sonlarında 2012-ci ilin dövlət büdcəsində neftin qiymətini 80 dollardan 100 dollara qaldırıb. Həm də parlamentin qərarı ilə 2012-ci il dövlət büdcəsinin gəlirləri 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manata çatdırılıb.
Qərb analitiklərinin durumu 1988-ci ildə müqayisə eləməsi təsadüfi deyil və məhz həmin ildən başlayaraq, neftin orta illik qiyməti uzunmüddətli dövrdə ildən ilə azalmağa başlamışdı və hətta 1998-ci ildə barrelin qiymətinin 8 dollara düşdüyü vaxtlar da olurdu. Bütünlükdə isə on il ərzində (1988-1998-ci illər arasında) dünya üzrə neftin barrelinin qiyməti 20 dollardan 10 dollara enib. Bu iqtisadiyyatı Azərbaycan kimi neftə əsaslanan monosənaye ölkələrinin büdcə öhdəliklərinin yerinə yetirilməsində və bütünlükdə makroiqtisadi vəziyyətində ciddi problemlər yaradıb.
Məsələn, iqtisadiyyatı tamamilə neftdən asılı olan Səudiyyə Ərəbistanının adambaşına düşən ümumi daxili məhsul (ÜDM) göstəricisinə təsir göstərmişdi və 1998-ci ildə bu ölkədə adambaşına ÜDM 6,3 min dollara düşmüşdü. Halbuki, neftin baha olduğu 1981-ci ildə Səudiyyə Ərəbistanının adambaşına ÜDM göstəricisi 16,1 min dollar olmuşdu. Neftin ucuz olması Səudiyyə Ərəbistanın büdcə öhdəliklərinin yerinə yetirilməsində də çətinlik yaratmışdı və bu ölkə dövlət xərclərini yerinə yetirmək üçün müxtəlif mənbələrdən borclar almışdı. 2000-ci illərin əvvəlində Səudiyyə Ərəbistanının təkcə ABŞ-dan aldığı borclar 160 milyard dollar təşkil edirdi ki, bu, çox ağır idi. O vaxtkı hesablamalara görə, Səudiyyə Ərəbistanının iqtisadiyyatı neftin barrelinin qiyməti 16 dolları keçəndə özünü yaxşı hiss edir, lakin 2000-ci ildə neftin orta illik qiyməti 21 dolları keçsə belə, Səudiyyə iqtisadiyyatı xarici borclara xidmət etməkdə çətinlik çəkirdi. Çünki borc yükü həddindən yüksək idi. Eyni misalları Körfəzin iqtisadiyyatı yalnız neftə əsaslanan digər ölkələri üçün də sadalamaq olar - 90-cı illərin ucuz neft qiymətləri həmin ölkələrdə çox layihələr gerçəkləşdirilməmiş qoydu.
Yəni indi də ekspertlər yaranmış vəziyyəti 1988-ci ilə bənzədirlər və onlar sözlərindən belə çıxır ki, əgər neft bir az da ucuzlaşarsa, Azərbaycan kimi ölkələrin makroiqtisadi vəziyyətində böyük problemlər yarana bilər. Amma Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, vəziyyət elə də ağır deyil və Milli Məclis tərəfindən büdcə hesablamalarında neftin qiymətinin 100 dollardan götürülməsi elə də təhlükə yaratmır.
“Əslində, Azərbaycan neftinin qiyməti xəbərlərdə deyilən rəqəmdən çox yüksəkdir. Bu il bizim neftin ən yüksək qiyməti aprel ayının 2-də qeydə alınıb - 125, 54 dollar olub, ən aşağı qiymət isə iyunun 5-ə təsadüf edir - 97 dollar olub. Mətbuatın bəhs etdiyi qiymət Qərbi Texas neftinin qiymətidir - 83 dollara düşüb. Bu ilin ilk beş ayının yekununa görə Azərbaycan neftinin barrelinin orta ixrac qiyməti 115 dollar olub. Əgər iyun ayının orta qiymətinin 95 dollara qədər düşdüyü nəzərə alınarsa, onda birinci yarım il üçün orta qiymət 110 dollardan aşağı olmayacaq. Bu ilin orta qiymətinin 100 dollar olması üçün ilin ikinci yarısında orta qiymətin 90 dollar olması yetərlidir”,- deyə iqtisadçı ekspert bildirir.
İlham Şaban 2012-ci ilin ikinci yarısında Azərbaycan neftinin orta qiymətin 85-dən aşağı düşəcəyinə inanmır: “Belə olan ssenaridə isə, Azərbaycan neftinin barrelinin illik orta satış qiyməti 97-98 dollar ətrafında dəyişəcək. Bunun Azərbaycan büdcəsi üçün böyük bir təlatüm gətirməsini gözləmirəm”.
Onun sözlərinə görə, Azərbaycanın büdcə mexanizmi üçün bu cür risklərin idarə olunması çox asandır: “Belə bir təcrübə formalaşıb ki, Azərbaycanın büdcə xərclərinin böyük hissəsi 4-cü rübdə gerçəkləşdirilir. Faktiki olaraq, hökumət büdcəyə baxır və kəsir yarandıqda, həmin vəsaitləri xərcləməyə bilər, bəzi izafi xərclərə yol vermədən, problemi həll edə bilər. Yəni hansısa ödənişlərin gecikdiriləcəyinə, hansısa layihələrin gerçəkləşdiriməmiş qalacağına inanmıram”.
Həm də Azərbaycanın neft gəlirlərinin büdcəyə birbaşa təsir imkanı da aşağıdır. Hazırda ölkənin büdcə daxilolmalarının 73%-ni təşkil edən neft gəlirləri büdcəyə iki mənbədən - Dövlət Neft Fondunun transfertləri şəklində və ARDNŞ-in ödəmələri şəklində daxil olur. 2012-ci ilin büdcə layihəsinə görə, dövlət büdcəsinin təxminən 60 faizi, yəni 10 milyard manata yaxını Dövlət Neft Fondundan olmalıdır. Hazırda fondda 32 milyon manatdan artıq vəsait var və buna görə də büdcə üçün nəzərdə tutulan vəsaitin verilməsində elə problem yoxdur.
ARDNŞ-ə gəldikdə isə bu şirkətin gəlirlərinə dünya bazarındakı neft qiymətlərinin elə də güclü təsiri olmur. “Dövlət Neft Şirkətinin ödədiyi vergilər dünya bazarındakı neft qiymətləri ilə əlaqədar deyil. Baxsaq görərik ki, dünyada bazar qiymətlərinin düşdüyü zamanlarda ARDNŞ-in ödədiyi vəsaitlər ən maksimum olur. Burada müxtəlif amillər rol oynaya bilər, məsələn Dövlət Neft Şirkəti Mərkəzi Bankdan borc kimi götürdüyü vəsaitləri geri verə bilər və s.”,- deyə İlham Şaban vurğulayır. İqtisadçı ekspertin fikrincə, burada ildən ilə daxili bazarda neft və qaz istehlakı həcmlərinin artması da az rol oynamır, yəni ölkədə avtombillərin sayı və qazlaşdırılan kəndlərin sayı artır, təbii ki, daxili bazarda istehlak edilən enerjidaşıyıcılarının da miqları artır. Yanacağa və qaza olan daxili bazar tarifləri sabit olduğuna görə, ARDNŞ-in gəlirləri, uyğun olaraq ödədiyi vergi də artır.
Qeyd edək ki, Azərbaycan dünya bazarında ucuzlaşma getdiyi halda, büdcədə neftin qiymətini qaldıran tək ölkə deyil, iyunun 6-da bu addımı Rusiya parlamenti də atıb və Dumanın qərarına baxandan sonra Azərbaycanın daha ehtiyatlı davrandığını görmək olur. Azərbaycan büdcəsində neftin qiyməti 100 dollara qaldırıldığı halda, prezident Putinin əmri ilə Rusiya büdcəsində bu göstərici 115 dollara çatdırılıb.
DOSTLARINLA PAYLAŞ: