Mərkəzi Bank açıqlama verib
13 Avqust 2014 Çərşənbə 15:49
Bəzi mətbuat orqanları Azərbaycan Respublikasının Mərkəzi Bankı məlumatını ictimaiyyətə yanlış şərh ediblər.
Azərbaycan Respublikasının Mərkəzi Bankı özünün rüblük pul siyasəti icmalında manatın məzənnəsinin sabitliyini təmin etmək məqsədilə valyuta bazarında həyata keçirdiyi sterilizasiya əməliyyatları barədə müntəzəm olaraq məlumatlar yayımlayır.

ANS PRESS-in AMB-a istinadla verdiyi məlumata görə, bu günlərdə Azərbaycanın bəzi mətbuat orqanları Mərkəzi Bankın valyuta sterilizasiyası əməliyyatları haqqında məlumatı ictimaiyyətə yanlış şərh edərək bunu valyuta xərcləməsi kimi çatdırıblar.

Məlumat üçün bildiririk ki, son illərdə ölkənin tədiyə balansının profisiti şəraitində Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyir. Bununla əlaqədar, Mərkəzi Bank valyuta bazarından 2010-cu ildə 1385 mln. $, 2011-ci ildə 4153 mln. $, 2012-ci ildə 1584 mln. $, 2013-cü ildə 2457 mln. $, 2014-cü ilin 6 ayında isə 967.4mln. $ məbləğində alışlar həyata keçirərək valyuta ehtiyatlarının artırılmasına yönəldib. Təkcə 2014-cü ilin I yarısında Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 7% artaraq 15163 mln. $ səviyyəsinə yüksəlib ki, bu da valyuta ehtiyatlarının kifayətliliyi üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir.

Qeyd edək ki, valyuta sterilizasiyası xarici valyutanın kəskin ucuzlaşmasının və ya milli valyutanın əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq məqsədilə izafi xarici valyutanın alışıdır. Adətən ölkənin tədiyə balansında profisitin olduğu və valyuta bazarında təklifin tələbi üstələdiyi hallarda mərkəzi banklar tərəfindən valyuta alışları həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar