Mərkəzi Bank 639 milyon dollar həcmində valyuta sterilizasiyası həyata keçirib
18 İyul 2012 Çərşənbə 21:44
Bankın İdarə Heyətinin bu ilin I yarımillik fəaliyyətinin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Mərkəzi Bankın İdarə Heyətinin bu ilin I yarımillik fəaliyyətinin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın sədri Elman Rüstəmov çıxışında qeyd edib ki, 2012-ci ilin ötən dövrü ərzində bankın həm cari, həm də strateji fəaliyyəti ölkə iqtisadiyyatının dayanıqlı artımı və inkişafına yönəlmiş iqtisadi siyasətin hərtərəfli dəstəklənməsinə xidmət edib.

E.Rüstəmov bildirib ki, 2012-ci ilin altı ayında ölkədə iqtisadi artım tempi 1,5 faiz olub, qeyri-neft sektoru 11,3 faiz artıb. Qeyri-neft iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 30,2 faiz böyüyüb. Xarici ticarət balansının profisiti 7 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 44 milyard dolları ötüb.

Makroiqtisadi sabitlik qorunub, orta illik inflyasiya cəmi 2,2 faiz təşkil edib. Tədiyə balansının irihəcmli profisiti şəraitində manatın məzənnəsinin sabitliyini qorumaq üçün Mərkəzi Bank 639 milyon dollar həcmində valyuta sterilizasiyası həyata keçirib. Nəticədə manatın ABŞ dollarına qarşı məzənnəsi dövr ərzində cəmi 0,11 faiz möhkəmlənib. Bununla belə, manatın real məzənnəsi əlverişli səviyyədə qalıb, ilin əvvəlindən real ucuzlaşma tempi 1,5 faiz olub.

İclasda vurğulanıb ki, cari ilin altı ayının sosial-iqtisadi inkişaf yekunlarına həsr edilmiş geniş iclasda prezident İlham Əliyev tərəfindən makroiqtisadi sabitlik mühüm prioritet kimi qeyd olunub. Bu prioritetdən çıxış edərək inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdirilməlidir.

İclasda bank sisteminin inkişafı da geniş təhlil edilib və qeyd edilib ki, ötən dövr ərzində bank sektorunda konsolidasiya və restrukturizasiya prosesləri də diqqətdə saxlanılıb, bu sahədə zəruri tədbirlər həyata keçirilib. Prudensial nəzarətin formalaşmadqa olan yeni Bazel-3 standartlarına uyğunlaşdırılması prosesi də davam edib. Növbəti ildə beynəlxalq maliyyə institutları ilə birgə həyata keçiriləcək bank sektorunun qiymətləndirilməsi proqramı (FSAP) üzrə zəruri hazırlıq işləri həyata keçirilib.

Birinci yarım il ərzində bankın fəaliyyətinin digər istiqamətlərində də müsbət nəticələr əldə edilib. Mərkəzi Bank valyuta ehtiyatlarının idarə olunması, ödəniş sistemlərinin elektron hökumət konsepsiyası çərçivəsində daha da inkişaf etməsi, nağd pul dövriyyəsinin təşkili, idarə olunması və optimallaşması, mühüm qanunvericilik təşəbbüslərinin reallaşması istiqamətində bütün taktiki və strateji hədəfləri yerinə yetirib. Dünya maliyyə bazarlarında mövcud olan qeyri-stabilliyə baxmayaraq, valyuta ehtiyatlarının təhlükəsiz və optimal idarə olunması təmin edilmiş, nağdsız ödənişlərin həcminin artması meyilləri davam edib, dövriyyədə olan kartların sayı 4 faiz, posterminalların sayı isə 1,7 dəfə artıb. Nağdsız ödənişlərin miqyasının stimullaşdırılması məqsədilə aidiyyatı qurumlar ilə birgə fəaliyyət davam etdirilib. Nağd pula olan tələbat vaxtında və tam ödənilib, emissiya altı ay ərzində 8,3 faiz artıb. Nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılması və avtomatlaşdırılmış nağd pul mərkəzinin yaradılması üzrə fəaliyyət davam etdirilib. Mərkəzi Bankın fəaliyyətinin şəffaflığının daha da gücləndirilməsi istiqamətində də zəruri işlər görülüb, əhalinin maliyyə savadlığının artırılması üzrə mühüm tədbirlər həyata keçirilib.

Bank cari əməliyyat hədəflərini həyata keçirməklə yanaşı həm də strateji məqsədlərin proqramlaşması və reallaşmasına köklənib. Yeddi proqram üzrə otuzdan çox mühüm layihələr həyata keçirilir ki, bunlar da bankın makroiqtisadi və maliyyə sabitliyi sahəsində siyasətinin effektivliyinin və institusional potensialının artırılmasına, habelə qanunla nəzərdə tutulmuş digər funksiyalarının daha səmərəli reallaşmasına yönəlib. Bank strateji iqtisadi siyasətə öz töhvəsini artırmaq üçün bir sıra digər əhəmiyyətli layihələri də həyata keçirir.

Qeyd olunub ki, cari ilin qarşıdakı dövründə fəaliyyət proqramlarının və layihələrin həyata keçirilməsi ilə bağlı bütün institusional, təşkilati və kadr məsələləri dərhal və vaxtında öz həllini tapmalıdır.

İclası yekunlaşdıraraq ümumilikdə 2012-ci ilin 6 ayının nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov cari ilin ikinci yarısında Mərkəzi Bankın qarşısında duran vəzifələrə, strateji və taktiki hədəflərin yerinə yetirilməsinin təmin edilməsinə dair tapşırıq və tövsiyələrini verərək vurğulayıb ki, bundan sonra da fəaliyyətimizi elə davam etdirməliyik ki, Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin bəyan etdiyi kimi 2012-ci il də uğurlu illərdən biri olsun.


DOSTLARINLA PAYLAŞ:

oyunlar