Manat ucuzlaşır
09 Mart 2009 Bazar Ertəsi 11:10
Gələcəkdə ölkəmizdə kəskin məzənnə dəyişikliyinin olacağı istisna deyil

Qlobal maliyyə böhranı nəticəsində keçmiş post-sovet ölkələrinin milli valyutasında devalvasiya özünü daha çox göstərib. Belə ki, keçmiş Sovet İttifaqı ölkələri mərkəzi bankların məlumatından görünür ki, ilin əvəlindən demək olar ki, əksər ölkələrdə dolların bahalaşması prosesi gedir. Amerika valyutasının məzənnəsi ən çox Belarusda artıb-təxminən 30 faiz. Qazaxıstanda bu rəqəm 24,56, Rusiyada 21,58, Latviyada 11,72, Estoniyada 11,24, Litvada 10,78 faiz təşkil edib. Tacikistan, Moldova, Özbəkistan, Gürcüstanda dolların bahalaşması 10 faizdən çox olmayıb.
Azərbaycanda isə bu göstərici 0,5 faizdir. Hesabatın əhatə etdiyi dövrdə Türkmənistan və Ukraynada məzənnə dəyişikliyi baş verməsə də, son günlər Ukraynada qrivninin ucuzlaşması müşahidə olunur. Maraqlıdır ki, hesabat dövründə yalnız Ermənistan dramı dollara nəzərən 0,5 faiz bahalaşıb. Amma son 3 gündə bu ölkədə milli valyuta 30 faizdən çox qiymətdən düşüb.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov Azərbaycanda devalvasiyanın geniş miqyaslı olmamasını valyuta ehtiyatlarının çox olması ilə izah edib: «Faktiki olaraq devalvasiyanın qarşısını almaq üçün manatın səviyyəsini həmin vəziyyətdə saxlamaq üçün hər ay Milli Bank bazara 160-170 milyon əlavə vəsait buraxır». Vahid Əhmədov əlavə edib ki, gələcəkdə Azərbaycan manatı da devalvasiyaya məruz qala bilər. Təbii ki, bu da maliyyə böhranının davam etməsindən asılıdır: «Qlobal maliyyə böhranı davam etsə, daha da ciddiləşsə, bunun qarşısını almaq mümkün olmayacaq. Manat da devalvasiyaya uğrayacaq. Biz hiss edirik ki, vəziyyət ciddiləşməyə doğru gedir».
Devalvasiyasının müsbət təsirinə gəldikdə isə, bu, Azərbaycan üçün xeyirli olmayacaq. V. Əhmədovun sözlərinə görə, Azərbaycan neft ixrac edən ölkədir, bu səbəbdən də sahibkarlar digər məhsulların ixracından vəsait əldə edə bilməz. Qeyd edək ki, rəsmi Bakı ərzaq və kənd təsərrüfatı məhsullarının böyük hissəsini idxal edir. Bundan başqa, millət vəkili devalvasiyanı yaradan amillərə də toxunub. V.Əhmədov qeyd edib ki, devalvasiya neftin ucuzlaması və istehsalın aşağı düşməsi səbəbindən yaranıb. Qeyd edək ki, 2007-ci ildə dünyada istehsal 5 faiz, 2008-ci ildə 2,5 faiz idi. Ekspertlərin fikrincə, bu il istehsal 0,5 faiz həddində olacaq. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar