Kreditlərin artması nə dərəcədə qorxuludur?
11 Dekabr 2012 Çərşənbə Axşamı 19:02
ANS PRESS istehlak kreditləşməsində son günlərdə yaşanan ajiotajı araşdırıb.
Noyabr-dekabr aylarında kredit üçün banklara müraciət edən vətəndaşların sayı xeyli artıb. Bakıda fəaliyyət göstərən şirkətlərin birinin kadrlar şöbəsi müdirinin ANS PRESS-ə dediyinə görə, işçilərə banklara təqdim etmək üçün maaş barədə arayış verməkdən yorulub: «Gün ərzində 10-15 nəfərə arayış verirəm. Deyirlər ki, banklar şərtləri çox yumşaldıb və kredit istəyənə imtina etmir. Bəzi iş yerlərinə bankların öz təmsilçiləri gəlib bütün əməkdaşların maaşına uyğun qold-kartlar təqdim edirlər».

Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilmiş məlumatlar da təsdiqləyir. Saytın kredit qoyuluşları barədə dərc etdirdiyi stastistik göstəricilərə görə, cari ildə ölkə üzrə kredit qoyuluşlarının artımı keçən ilki artım göstəricisini xeyli üstələyir. Statistikaya görə, 2011-ci ilin sentyabr-oktyabr aylarında ölkə üzrə kredit qoyuluşları 237,4 milyon manat artaraq oktyabrın sonunda 9524,7 milyon manata çatıb. 2012-ci ilin uyğun aylarında isə bu göstərici 575,8 milyon manat artaraq 11422,4 milyon manat olub. Kredit qoyuluşlarının artımının 2,4 dəfə sürətləndiyi açıqca görünür.

Mənzərə ümumilikdə müsbət görünür və Azərbaycanın kredit bazarındakı artımında 2008-ci il böhranından əvvəlki ajiotajı xatırlardır. Lakin iqtisadçıların bu müsbət görüntü mənzərəsinə yanaşması fərqlidir. Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev ANS PRESS-lə söhbətində bunu müsbət sayıb: «Burada Yeni il bayramı qabağının olması da xüsusi rol oynayır. Müştərilər əsasən qısa müddət üçün 1000-5000 manat arasında dəyişən kreditlər götürürlər və ticarətə qoyurlar. Əlbəttə ki, bunun ölkə iqtisadiyyatına müsbət təsiri var. İstehlak artıqca, pul dövriyyəsi də artır, ümumi daxili məhsul (ÜDM) da artır. ÜDM elə bundan - ticarətdən, istehlakdan, xidmətdən ibarətdir. Ticarət artıqca, ÜDM də artır».

Lakin İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyevin fikrincə, kredit qoyuluşlarının bu cür artımının yalnız öz vəsaitlərini yerləşdirməyə çətinlik çəkən banklara faydası var: «Banklar uzunmüddətli iqtisadi layihələrə kredit verməkdən qaçırlar. Onlar əhaliyə riski az olan kreditlər verməkdə maraqlıdır ki, bunlar da istehlak kreditləri və məişət kreditləridir. Onların məbləği azdır və banklar bu kreditləri yalnız ödəniş qabiliyyəti olan insanlara verirlər. Həm də hər birinin arxasında girov durur. Bu günlərdə Milli Məclisdə məsələ qaldırıblar ki, banklar girov əmlakı məhkəmənin qərarı olmadan sata bilsin»,- deyə Azər Mehdiyev ANS PRESS-ə bildirib.

Onun fikrincə, bu zaman mənfi tendensiyalar yarana bilər: «Təsəvvür edin ki, ortada bir əmlak, mülkiyyət söhbəti var və krediti qaytara bilməyən hər kəsin malını bank satışa çıxara bilər. Yəni bank girov üçün qoyulmuş əmlakı - evi, ya avtomobili ələ keçirmək üçün hər vasitəyə əl ata bilər».

İqtisadçı ekspertin sözlərinə görə, buna görə banklar kredit şərtlərini xeyli yumşaldıblar və bu, iqtisadi durum üçün o qədər də əlverişli deyil: «Bu vəziyyət 2008-ci ilin yayına bənzəyir. Onda da belə ajiotaj hiss edilirdi. Bunun bazara birinci təsiri kreditə verilən malların qiymətinin qalxmasına səbəb olur. İkinci tərəfdən isə əsas resurslar istehlak kreditlərinə verildiyindən uzunmüddətli iqtisadiyyat layihələri maliyyələşə bilmir».

Azər Mehdiyevin fikrincə, resurslar istehsal sahələrinə yönəldilsə idi, bu, neftdən kənar bölmənin inkişafına səbəb ola bilərdi. «Azərbaycanda kreditlərin yarıdan çoxunu, təxminən 60-65%-ni istehlak və ticarət kreditləri təşkil edir ki, bu da iqtisadiyyatın neftdən kənar bölmələrinin canlanmasına heç bir təsir göstərə bilmir. Bunlar olsa-olsa istehlakı artırır. Dünya təcrübəsində iri kommersiya banklarının heç biri bu cür istehlak kreditləri ilə məşğul olmur».

Oqtay Haqverdiyev də istehlak kreditlərini canlandırılması yolu ilə neftdən kənar bölmədə indi müşahidə edilən artımı dayanıqlı saymır: «Artımın strukturuna baxanda görürük ki, indi tikilən zavodlar və fabriklər gələcəkdə neftə alternativ ola bilməyəcək». Bununla belə iqtisadçı-ekspert durumu elə də ümidsiz saymır: «Nanotexnologiyalara, elm tutarlı sahələrə vəsait yatırmaqla, vəziyyəti xilas etmək mümkündür. Bu məsələdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müsbət örnəyi var. Nazirlik informasiya-kommunikasiya texnologiyalarını inkişaf etdirir, Azərbaycanın ilk süni peykini buraxır və s. Başqa dövlət qurumları da bu cür inkşaf yolu seçməlidir və vəsaitləri iqtisadiyyatın digər sahələrinə yönəltməlidir», - deyə Oqtay Haqverdiyev vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar