Kifayət qədər nağd pul ehtiyatımız var
23 Noyabr 2010 Çərşənbə Axşamı 13:40
Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev «APA-Ekonomist» analitik jurnalına müsahibə verib. «APA-ECONOMICS» bu müsahibəni ixtisarlarla təqdim edir.
- Böhrana qarşı görülən tədbirlər çərçivəsində Mərkəzi Bank iqtisadiyyatda likvidliyin artırılmasını həyata keçirib. Birbaşa və banklar vasitəsi ilə dolayı yollarla likvidliyin verilməsi həcmi nə qədər olub?

- 2008-ci ilin sonunda başlamış qlobal iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirini minimallaşdırmaq məqsədilə Mərkəzi Bank və hökumət koordinasiya edilmiş tədbirlər həyata keçiriblər. Elə məhz koordinasiya edilmiş tədbirlər nəticəsində böhranın ölkə iqtisadiyyatına transmissiya (yoluxma) effekti minimal həddə olub, makroiqtisadi və maliyyə sabitliyinin pozulmasına imkan verilməyib. Qeyd etmək istərdim ki, qlobal böhran fonunda ölkədə aparılan iqtisadi siyasət dizaynının peşəkarlıqla qurulması faktı bir daha öz təsdiqini tapıb. Böhran dövrünün aktiv fazasında Azərbaycan iqtisadiyyatının Şərqi Avropa və Baltikyanı ölkələrlə müqayisədə belə qlobal natarazlıqlara qarşı kifayət qədər müqavimət potensialı nümayiş etdirməsi bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
Böhran dövündə bank sektorunda likvidlik çatışmazlığına yol verməmək üçün Mərkəzi Bank bank sektorunun dəstəklənməsi məqsədilə çoxvektorlu işlər görüb. İlk növbədə Mərkəzi Bank haqqında qanuna beynəlxalq təcrübəyə istinad edilərək bir sıra dəyişikliklər edilib, son instansiya kreditoru kimi daha uzun müddətə və müxtəlif valyutalarda kreditlərin verilməsi, o cümlədən subordinasiya kreditlərinin verilməsi səlahiyyətləri qanunla təsbit edilib.
Məcmu tələbin daha effektiv şəkildə dəstəklənməsi, maliyyə sabitliyinin qorunması məqsədilə yenidənmaliyyələşdirmə dərəcəsi mərhələlərlə 15%-dən 2%-ə, dəhlizin yuxarı həddi 20%-dən 7%-ə endirilib. Mərkəzi Bankın iqtisadiyyata və bank sisteminə xalis likvidlik inyeksiyası 2009-cu ildə 1,7 mlrd. manat, 2010-cu ilin 9 ayında isə 255 mln. manat təşkil edib. Məcburi ehtiyat normalarının daxili öhdəliklər üzrə 12%-dən 0,5%-ə endirilməsi, xarici öhdəliklər üzrə isə tamamilə ləğv edilməsi nəticəsində bank sektoru təqribən 730 mln. dollar həcmində əlavə likvid vəsaitə malik olub.

- Makroiqtisadi və pul-kredit siyasətinin dəyişməsi baxımından böhranın nəticələri necə olub?

- Beynəlxalq maliyyə qurumlarının təhlilləri, aparıcı dünya ölkələrinin son dövrlərdəki iqtisadi performansı qlobal maliyyə böhranının arxada qaldığı haqda fikirlər söyləməyə imkan verir. İqtisadi artım templəri kövrək və qeyri-bərabər olsa da, artıq davamlı xarakter almağa başlayıb. Artıq yeni mərhələdə post-böhran dövrünün çağırışlarını açıq şəkildə müəyyən etmək, onlara olan reaksiyanın adekvatlığını təmin etmək qarşıda duran ən əsas vəzifələrdəndir. Krizis öncəsi formalaşmış iqtisadi siyasət modelləri, inkişaf konsepsiyaları ciddi dəyişikliklər astanasındadır. Post-krizis dövründə universal yanaşmalardan imtina edərək ölkə iqtisadiyyatının sturkturundan, əsas inkişaf hədəflərindən asılı olaraq daha fərdi yanaşmaların seçilməsi məsələsi hər bir dövlət qarşısında fərqli vəzifələr müəyyən edir.
Digər tərəfdən post-böhran çağırışları olan güclü makroitisadi institutların təmin edilməsi şərtilə kontr-tsiklik makroiqtisadi və pul siyasətinin qurulması gələcəkdə oxşar problemlərlə qarşılaşmamağımıza şərait yaradacaq. Güclü makroiqtisadi institutların təmini istiqamətində fiskal və monetar qurumlar arasında güclü koordinasiyanın təmin edilməsi, hədəflər arasında uzlaşmanın təmin edilməsi makroiqtisadi effektivliyin artırılmasının mühüm determinantına çevrilib.
Azərbaycan Mərkəzi Bankı olaraq post-krizis dövrünün çağırışları bizim gündəliyimizdə duran ən əsas məsələlərdir. Hazırda pul siyasəti və maliyyə sabitliyi dizaynının yeni çağrışlara uyğun şəkildə daha da təkmilləşdirilməsi, makroiqtisadi risklərin adekvat qiymətləndirilməsi və ona operativ reaksiya mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində çoxsaylı tədqiqat və təhlil işləri aparırıq. Hətta bəzi istiqamətlərdə innovativ addımlar atmaqla mərkəzi bankçılıq təcrübəsində yeniliklər üzərində düşünürük.
Bildiyiniz kimi, Bazel III qaydalaranın qəbulu gözlənilir. Biz bu prosesi tam əvvəldən yaxından izləyirik. Yeni qaydaların qəbulu gerçəkləşərsə, bank nəzarətinin effektivliyini artırmaq məqsədilə Bazel III tələblərinin yerli spesifika nəzərə alınmaqla ölkəmizdə də tətbiqini nəzərdə tutmuşuq. Bizim qiymətləndirmələrimizə görə, Bazel III tələblərinin tətbiqi maliyyə sabitliyi baxımından risklərin daha çevik idarə edilməsinə şərait yaradacaq, maliyyə sektorunda inkişaf meyillərinin makroiqtisadi siyasət dizaynı ilə ahəngdarlıq təşkil etməsinə əlavə təkan verəcək.

- İctimaiyyətdə belə fikirlər mövcuddur ki, əgər müxtəlif saxlayıcı tədbirlər görülməsə, makroiqtisadi sabitlik pozula bilər. Siz bu fikirləri necə şərh edə bilərsiz?

- Cəmiyyətdə hökumətin və Mərkəzi Bankın makroiqtisadi siyasətinə inam var. Hətta həm nəzəri, həm də praktiki olaraq makroiqtisadi sabitliyin təmin edilməsi üçün hökumət və Mərkəzi Bankın bir-birindən ayrı fəaliyyəti düşünülə bilməz. Mərkəzi Bank makroiqtisadi sabitliyə öz səlahiyyətləri çərçivəsində, müəyyən edilmiş mandata uyğun olaraq pul, məzənnə və maliyyə sabitliyi siyasəti vasitəsilə töhvə verməkdədir. AMB-nin makroiqtisadi siyasət istiqamətlərindən biri olan məzənnə siyasəti dinamik şəkildə dəyişən qlobal şəraitə və ölkə iqtisadiyyatının struktur xüsusiyyətlərinə adekvat şəkildə qurulub ki, bu sayədə də hətta qlobal böhran dövründə belə inflyasiya gözləntilərinə və səviyyəsinə təsir etmək mümkün olub. Bununla da AMB öz səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunmasına xidmət edib.

- Yeri gəlmişkən, bu cür fikirlər dolların məzənnəsi barədə də səsləndirilir. Siz necə hesab edirsiz: manatın dollara qarşı hazırkı məzənnəsi realdır ya yox?

- Məzənnənin kəskin fluktuasiyalarının (dalğalanmaları) qarşısının alınması makroiqtisadi sabitliyin təmin edilməsi mexanizminin yalnız bir elementidir. Ölkə iqtisadiyyatının spesifikasını nəzərə alaraq hazırda manatın məzənnəsinin sabitliyi siyasətini həyata keçiririk. Çünki, qiymətlərin və maliyyə sisteminin sabitliyini təmin etmək üçün hazırkı mərhələdə optimal və çevik idarə edilə bilən aralıq monetar göstərici məhz məzənnədir. Qlobal maliyyə böhranı dövründə əsas ticarət tərəfdaşımız olan ölkələri devalvasiya dalğası bürüdüyü halda, Azərbaycan Mərkəzi Bankı bu addıma getməməklə makroiqtisadi sabitliyin qorunmasına öz töhvəsini verib. Bu addımın məntiqi əsası kimi Mərkəzi Bank tərəfindən aparılmış çoxtərəfli qiymətləndirmələr və ekonometrik tədqiqatlar çıxış edib. Müxtəlif yanaşmalar əsasında aparılan qiymətləndirmələrdən belə bir qənaət hasil olur ki, manat öz tarazlıq səviyyəsinə yaxın həddədir. Manatın məzənnəsinin sabitliyinin fundamental əsası kimi tədiyə balansının profisiti çıxış edib. Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondu AMB-nin böhran dövründəki məzənnə siyasətini təqdir edib.

- Neçə vaxtdır ki, Mərkəzi Bankın makroiqtisadi və pul-kredit tənzimlənməsi alətlərinin siyahısından qiymətli kağızlar, demək olar ki, yox olub. Bunun səbəbi nədədir?

- Bildiyiniz kimi, Mərkəzi Bank pul siyasətini həyata keçirmək üçün aktiv şəkildə açıq bazar əməliyyatları həyata keçirir. «Mərkəzi Bank haqqında» qanuna görə, AMB açıq bazar əməliyyatları çərçivəsində dövlətin buraxdığı qiymətli kağızların alqı-satqısı üzrə əməliyyatlar da aparır. Bu əməliyyatları aparmaqla əslində Mərkəzi Bank pul təklifinin həcminə təsir etmiş olur ki, bu da öz növbəsində iqtisadiyyatın pula olan tələatının adekvat şəkildə qarşılanmasına imkan verir.
Keçən il dövriyyədə olan notların həcminin 2008-ci ildəki 180 mln. manatdan 9 mln. manata düşməsinin əsas səbəbi Mərkəzi Bankın yumşaq pul siyasəti ilə əlaqədar olub. Bildiyiniz kimi, notlar sterlizasiya xarakterli alətlərdir və izafi likvidliyin aradan qaldırılması üçün istifadə edilir. Həmin dövrdə isə yuxarıda qeyd etdiyim kimi, bizim qarşımızda duran əsas vəzifələrdən biri maliyyə sabitliyi və məcmu tələbin dəstəklənməsi məqsədilə iqtisadiyyata likvidlik dəstəyi olub.
Cari ildə isə bank sisteminin likvidlik vəziyyətinə adekvat olaraq qiymətli kağızların həcminin artması müşahidə edilib. Bu ilin III rübün sonuna dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 220,9 mln. manat təşkil edib ki, onlardan 196,9 mln. manat dövlət qiymətli kağızları, 24 mln. manat isə Mərkəzi Bankın notlarının payına düşür. Arayış üçün qeyd edim ki, ilin əvvəli ilə müqayisədə dövriyyədə olan DQİ-lərin həcmi 19,4%, AMB-nin notlarının həcmi isə 2,7 dəfə artıb.
Ölkəmizdə ipoteka kreditləşməsi institutunun dəstəklənməsi məqsədilə Mərkəzi Bank təkrar bazarda ipoteka qiymətli kağızlarının alışını da həyata keçirir. Hazırda qiymətli kağızlar portfelimizdə ipoteka qiymətli kağızlarının həcmi 22,8 mln manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 2,6 dəfə çoxdur.

- Dövriyyədə olan nağd pul kütləsinin həcmini iqtisadiyyatın dinamik inkişafı üçün kifayət hesab edirsinizmi?

- Pul kütləsinin həcmi iqtisadiyyatın həcminin dinamikasından, o cümlədən maliyyə dərinliyindən, maliyyə sektorunun institutsional inkişafından asılıdır. İqtisadi inkişaf aspektindən yanaşdıqda isə nağd pul kütləsinin həcmindən daha çox geniş mənada pul kütləsi üzərinə diqqətimizi yönəltmək doğru olardı. Manatla geniş mənada pul kütləsi 2007-ci ildə 106% (2 dəfə), 2008-ci ildə 38,2% artıb. Yəni, iqtisadiyyatın pula olan tələbatı artıqca pul təklifi də adekvat şəkildə reaksiya qabiliyyətinə malikdir.
Mərkəzi Bank olaraq qarşımızda duran ən mühüm məsələ pul təklifinin həcm dinamikası ilə yanaşı, xüsusi olaraq keyifiyyət xarakteristikası üzərində diqqətimizi fokuslaşdırmaqdır. Dəyişən iqtisadi konyunktur şəraitində AMB tərəfindən pul təklifinin valyuta komponentli artımından kredit komponentli artıma trasformasiyası meyilləri güclənir. Bu da birbaşa olaraq pul təklifinin ÜDM-in artımına verdiyi töhvəsini artırmış olur. Nağd pula gəldikdə isə onun həcmi kifayət qədərdir. Eyni zamanda, lazım olduğu təqdirdə iqtisadiyyatın tələbini ödəmək üçün Mərkəzi Bank tərəfindən kifayət qədər nağd pul ehtiyatı yaradılıb.

- Hesablamalara görə, Azərbaycanda pulun dövretmə sürəti 10-nu üstələyir, halbuki dünya praktikasında qəbul olunmuş norma 3-4-ə bərabərdir. Mərkəzi Bank bu istiqamətdə hansı tədbirlər görür?

- Keçən il üçün pul kütləsinin dövretmə sürəti 5,6 vahidə bərabər olub. Təxminən eyni göstərici (6,6 vahid) 2008-ci ildə qeydə alınıb. Pulun dövretmə sürətinin azalması tendensiyası ölkə iqtisadiyyatının həcminin böyüməsi, maliyyə sektorunda dərinliyin artması, innovativ maliyyə alətlərinin tətbiqi ilə əlaqələndirilə bilər. Ölkədə nağdsız ödənişlər genişləndikcə, geniş pul kütləsinin ÜDM-də payı da artacaq və müvafiq olaraq onun dövretmə sürəti də azalacaq. Hazırda Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilbh. Ölkədə plastik kartların, bankomatların, POS-terminalların sayı sürətlə artsh. Kommunal ödənişlərin elektron vasitələrlə ödənilməsinə imkan verən sistem effektiv işləyir.

P.S. Müsahibənin tam mətnini «APA-Ekonomist» jurnalının noyabr burazxılışında oxuya bilərsiz. Jurnalı «Qaya», «Qasid», «Azərmətbuatyayım» şirkətinin köşkələrində və metro stansiyalarında almaq mümkündür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar