II Astana İqtisadi Forumu
11 Mart 2009 Çərşənbə 13:10
Qazaxıstan paytaxtında II Astana İqtisadi Forumu öz işinə başlayıb. APA-nın Qazaxıstan müxbirinin məlumatına görə, foruma 35 beynəlxalq təşkilat və 40 ölkədən ümumilikdə 400-ə qədər iştirakçı qatılıb.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev, iqtisadiyyat sahəsində Nobel mükafatının laureatları Edmund Felps və Robert Mandella , İslam İnkişaf Bankının prezidenti doktor Əhməd Məhəmməd Əli , Avropa Yenidənqurma və İnkişaf bankının eks-prezidenti Jan Lemer, Rusiya prezidentinin köməkçisi Arkadiy Dvorkoviç çıxış edərək, dünyanı bürüyən böhrandan çıxış yollarını birlikdə müzakirə edirlər. II Astana İqtisadi Forumu yalnız regionun deyil, həmçinin dünyanın aparıcı ekspertlərini, biznes nümayəndələrini və eləcə də dövlət rəsmilərini bir araya gətirib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev forumda çıxış edərək bildirib ki, MDB ölkələri arasında böhranın nəticələrini özündə ən əvvəl Qazaxıstan hiss edib. Lakin böhrandan əvvəl ölkə öz milli fonduna vəsait toplaya bilib. O eyni zamanda dünya maliyyə sisteminin müasir dünyada gedən proseslərdən geri qaldığını, həm də dünyanın inkişafına mane olduğunu bildirib. O eyni zamanda vahid valyuta sisteminin yaradılmasının və bu sahədə layihələrin hazırlanmasının vacibliyini vurğulayıb. Nursultan Nazarbayevin vahid valyuta yaratmaq təklifi forumda iştirak edən iqtisadiyyat sahəsində Nobel mükafatının laureatları Edmund Felps və Robert Mandella tərəfindən də dəstəklənib.

II Astana İqtisadi Forumu çərçivəsində “Ümumdünya iqtisadi böhranı və onun ölkələrin iqtisadi təhlükəsizliyinə təsiri”, “ Dövlət-xüsusi mülki əməkdaşlığın inkişafı”, “Qlobal risklər şəraitində sahibkarlığın inkişafı ”, “Qloballaşma şəraitində İslam iqtisadiyyatının inkişafı”, “Regional iqtisadi əməkdaşlıq” kimi mövzular müzakirə olunacaq.

Foruma qatılan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov APA-nın Qazaxıstan müxbirinə verdiyi açıqlamada bildirib ki, tədbir qlobal iqtisadi böhrana həsr edildiyi üçün Azərbaycan üçün də əhəmiyyətli hesab edilə bilər: “Belə ki, forum Azərbaycan da daxil olmaqla regiona investisiyaların cəlb edilməsi imkanlarını araşdırır, qlobal böhrandan çıxmaq üçün yolları tapmağa çalışır və ən əsası bu istiqamətdə regional əməkdaşlığı önə çəkir. Güman etmək olar ki, bu forum region ölkələri üçün antiböhran tədbirlərini gücləndirmək üçün əhəmiyyətli təsirə malik olacaq. Azərbaycanda da antiböhran proqramının hazırlanmasına başlandığını nəzərə alsaq, bu forumda qəbul edilən qərarlardan və eləcə də irəli sürülün təkliflərdən yararlanmaq imkanları az deyil”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar