Gürcüstanda SOCAR brendli daha 6 YDM açılıb
15 Dekabr 2011 Cümə Axşamı 17:02
Bununla da qonşu ölkədəki “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 88-ə çatıb.
Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq “SOCAR” brendi ilə fəaliyyət göstərən daha 6 yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “SOCAR Georgia Petroleum” MMC tərəfindən inşa edilmiş yeni YDM-lər Sameqrelo-Yuxarı Svanetiya bölgəsinin Mestia rayonunda, Kaxetiya bölgəsinin Dedoplitskaro rayonunda, Şida Kartli bölgəsinin Qomi yaşayış məntəqəsində, Tsalencixa rayonunun Cvari yaşayış məntəqəsində, Poti şəhərində və Acar Muxtar Respublikasının Keda rayonunda istifadəyə verilib.

Açılış mərasimlərində ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin və “SOCAR Energy Georgia” MMC-nin rəhbərləri, yerli icra hakimiyyətlərinin və Gürcüstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bununla da Gürcüstan ərazisində əhaliyə yüksək keyfiyyətlə xidmət göstərən “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 88-ə çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar