Faizsiz kredit kartı buraxılıb
19 İyul 2012 Cümə Axşamı 18:00
Azərbaycanda ilk dəfə olaraq kommersiya bankı faizsiz kredit kartı buraxıb.
Bu bank aləmində hər şey baş verirmiş və hətta sıfır faizli kredit kartları da olarmış. Kartı pulsuz verirmişlər, həm də heç bir bank xərci yoxdur və kartın kredit müddəti də Azərbaycan üzrə maksimumdur - 4 ilə qədərdir. 250 manatdan 3000 manata qədər kredit götürmək mümkündür. Belə bir kartı almaq da çətin deyil, sadəcə daimi işə malik olmaq lazımdır, amma heç bir zamin-filan da tələb edilmir. Ayda 400 manat maaş alan adama 250 manatlıq kart verilə bilər. Daha çox gəliri olanlar isə daha yüksək nominallı kartlar ala bilərlər.
ANS PRESS-in araşdırmasına görə, bu məsələdə bankın ticarət sektorundan faiz və ya komissiyon haqqı kimi gələn dolayı gəlirlərdə də heç bir gözü yoxdur. Amma əvəzində müştəri qazanır, cibində heç bir pulu olmayan vətəndaş “Unibank”ın “Albalı” kartını götürməklə mağazaya gedib istədiyi malı ala bilər, üstəlik 1 faizlik bonus da qazana bilər. Yəni nağd pulla alış veriş üçün 100 manat xərclədiyi halda, kreditə götürdüyü kartla eyni alış-verişə 99 manat xərcləyir. Pulun qaytarılma tarixi də sadə vətəndaşın vəziyyətinə uyğundur - hər ayın 1-dən 10-a kimi dəyişir, yəni maaş verilən günlərə düşür.
Göründüyü kimi, bankın bu məsələdə heç bir maddi qazancı yoxdur və atdığı bu addım bir növ gəlirsiz zəhmət sayılır, yəni 250 manat və ya ondan aşağı kreditləri qaytarmağa görə bir xeyli inzibati prosedur gerçəkləşdirməlidir və bunda ziyana da gedə bilər. İndi “bank xortumçuları” yetərincədir, “soğan olsun, nağd olsun” prinsipi ilə bu kartdan da yararlanmağa çalışa bilərlər. Ağrımayan başa yaş dəsmal bağlamaq kimi bir şeydir.
Amma “Unibank”ın mətbuat xidmətinin başçısı Vüqar İsrafilov belə fikirləşmir. “Bizim məqsədimiz müştəriləri banka alışdırmaqdır. Həm də müşətəri bazamız genişlənir, keçən il bizdən kredit alanların sayı 40 min idisə, indi 60 mini keçir”. Yəni bank müştəri çevrəsini genişləndirməklə bir növ xərcsiz reklam aksiyası gerçəkləşdirir. Və bu məsələdə “Unibank” təmsilçisinin dedikləri gerçəkdir. Qərb psixoloqlarının araşdırmasına görə, insanlar bank xidmətlərindən istifadədə daha çox konservativdirlər. Yəni insanlar müştərisi olduqları bankları dəyişmək istəmirlər və kommunal xərclərdən tutmuş şəhərlərarası pul köçürmələrinə görə bütün maliyyə əməliyyatlarını alışdıqları banklardan gerçəkləşdirməyə üstünlük verirlər. Onlayn xidmətlər vasitəsi ilə kommunal xərclərin ödənilməsi imkanı yarandıqdan sonra müştəri mühafizəkarlığı bir qədər də artıb. Banklar da müştərini öz ətrafında saxlamaq üçün bir çox rahatlıqlar yaradır. Məsələn, Böyük Britaniyada 20 funtluq əskinasların bir variantı 2011-ci ilin əvvəlindən keçərsizdir və ticarət şəbəkəsi tərəfindən götürülmür. Təsadüfən həmin əskinasla Britaniyaya gəlmiş xarici vuətəndaşın onu dəyişmək imkanı da çox azdır - İngiltərə bankına məktub yazmalıdır, ünvanını verməlidir, xərc çəkib məktubu yollamalıdır, sonra isə pulun nə vaxt göndəriləcəyini gözləməldir. Amma Avropanın ən iri şirkəti olan Britaniya bankı "HSBC" xaricilər üçün bu prosesi çox sadələşdirib, pulu yalnız “Siz bizim müştərimizsiniz?” sualı verməklə dəyişir. "Yox" cavabı aldıqdan sonra da pulu dəyişirlər: “Bizi tanıdığınız üçün bunu edəcəyik”. Təbii ki, müştərilər belə bankın ətrafında olmağı daha çox sevirlər.
Yeri gəlmişkən, “Unibank”ın “Albalı”sı da belə məqamlarda yardımçı ola bilir. Məsələn, bu kartın vasitəsi ilə kommunal xidmətlərin haqqını ödəmək mümkündür. Hələ ki, bu kartın vasitəsi ilə başqa hesablara pul köçürmək mümkün olmasa da. Vüqar İsrafilov bunu da mümkün sayır: “Rayonda yaşayan valideyn kartını şəhərdə oxuyan oğluna verə bilər, o da pulu qurtaranda müəyyən alış-verişi bu kartla eləyə bilər”.
Lakin “Albalı” kartının keçərli olduğu ticarət şəbəkəsi kartı bu cür işlətmək imkanını xeyli daraldır. ANS PRESS-in araşdırmasına görə, bu sıraya əsasən geyim və aksessuar dükanları, turizm şirkətləri və bahalı restoranlar daxildir. Təbii ki, 250 manat faizsiz borcu özü üçün böyük imkan sayacaq insanların yolu çətin ki, belə yerlərə düşsün. Hələ ki, "Albalı" kartı ilə əməkdaşlıq etmək üçün heç bir supermarket müraciət etməyib və qida sektorundan yalnız bir şirniyyat şəbəkəsində bu kartla alış-veriş etmək mümkündür. Onları satdığı ən yeməli ərzaq isə kiloqramı 22 manata təklif edilən tortdur.
Amma Vüqar İsrafilov həvəsdən düşmür və gələcəkdə supermarket zəncirlərinin də onlarla bu məsələdə tərəfdaş olacağına inanır: “İlk həftədə tərəfdaşlarımızın sayı 28 idi, indi onların sayı 40-a çatıb. Ümid edirik ki, "Albalı"nı geniş xalq istehlakı kartına çevirə biləcəyik”.
“Unibank” təmsilçisi gələcəkdə “Albalı” kartlarının funksional imkanlarının daha da genişlənəcəyini vurğulayır: “Bu kartlar bir növ islam bankçılığına keçid rolu oynayır, bilirsiniz ki, islam bankçılığında faiz dərəcələri sıfıra bərabərdir. Biz hələ ki, müştəri bazası yığırıq, daha sonra bu kartlarla daha hansı əməliyyatların gerçəkləşdirilməsi üzərində çalışacağıq”.
DOSTLARINLA PAYLAŞ: