Dünya Bankı Azərbaycandakı həyat şəraitini qiymətləndirib
08 Aprel 2010 Cümə Axşamı 11:20
Bu gün Bakıda Dünya Bankı (DB) tərəfindən «Azərbaycan: Həyat Şəraitinin Qiymətləndirilməsi Hesabatı»nın təqdimatı keçirilib.
«APA-ECONOMICS»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən DB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak qeyd edib ki, hesabat Bankın mütəxəssisləri tərəfindən aparılan araşdırmalar əsasında hazırlanıb və böhrandan öncəki dövrü əhatə edir: «Hesabatda böhrandan əvvəlki dövrdə neft gəlirləri sayəsində Azərbaycan iqtisadiyyatın sürətli artımı, bu artımın adi ev təsərrüfatları qismində əks olunması kimi məsələlər yer alıb».
Q.Yedjeyçak onu da bildirib ki, Azərbaycan insan resurslarına diqqət yetirməli, yüksək ixtisaslı təbəqəyə nail olmaq üçün yatırımlar etməlidir: «Hesabat əsasında biz Azərbaycanda inkişafa təkan verəcək töhvələr hazırlayacağıq».
Daha sonra DB-nın baş iqtisadçısı Lire Ersado hesabatın geniş təqdimatını keçirib. O qeyd edib ki, hesabatı hazırlayarkən DB Azərbaycanda həyata keçirilən ünvanlı sosial yardım proqramını dəyərləndirib, böhranın yoxsul təbəqəyə nə qədər ziyan vurduğunu öyrənib, ölkənin əldə etdiyi gəlirlərin artım tempinin sürətli səviyyədə saxlanılması imkanlarını araşdırıb: «Ümumiyyətlə, son 8 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi hər il orta hesabla 3 faiz bəndi aşağı düşüb və böhran dövründə belə yoxsulluğun səviyyəsi artmayıb. Azərbaycanda son illər ərzində 2,5 mln. insan yoxsulluqdan xilas olunaraq orta təbəqəyə qoşulub».
Hesabatda həmçinin qeyd olunub ki, son onillik ərzində Azərbaycanda sürətli iqtisadi artım və uğurlu sosial proqramların icrası sayəsində yoxsulluğun azaldılmasında ciddi nailiyyətlər əldə olunub. Lakin yoxsulluğun qeyri-gəlir aspektlərinin həlli və ölkə əhalisinin insan kapitalının gücləndirilməsi ilə bağlı bəzi vəzifələr hələ qalmaqdadır.
«Son 8 ili əhatə edən hesabat göstərir ki, bu dövr ərzində Azərbaycan iqtisadiyyatı orta hesabla 17,3% artıb. Bunun əsasında neft bumu və hökumətin irimiqiyaslı xərcləri dayanıb», - deyə L.Ersado bildirib.
Hesabatda həmçinin qeyd olunub ki, Azərbaycanın təhsil, səhiyyə və kommunal xidmətlər sahələrində hələ də müəyyən problemlər mövcuddur. Belə ki, bütün bu sahələrdə xərclərin payı artıb. Təhsil müəssisələrinə qəbulun aşağı səviyyədə olması və məktəbəqədər və ali təhsil arasında ciddi bərabərsizlik müşahidə olunur. Oxşar ölkələrlə müqayisədə isə ali təhsil sahəsindəki vəziyyət Azərbaycanın xeyrinə deyil.
Ümumiyyətlə, hesabatda yoxsulluğun bəzi qeyri-gəlir aspektləri, ali təhsil sahəsində iştirak səviyyəsinin çox aşağı olması və qeyri-bərabərlik, səhiyyə xidmətləri üçün insanların öz cibindən iri məbləğdə vəsaitin ödəməsi və yoxsulların səhiyyə xidmətlərindən istifadə etməsi sahəsində maliyyə baryerləri və iqtisadi fəaliyyətdə və məşğulluq imkanları sahəsində şəhər-kənd və regional fərqlərin artması kimi amillər öz əksini tapıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: