ABŞ dollarının həm qlobal valyuta kimi dünya iqtisadiyyatındakı rolu, həm də onun dəyərinin tədricən düşəcəyi proqnozlaşdırılır.
ABŞ Ticarət Departamentinin açıqladığı hesabata əsasən, 2008-ci ilin IV rübündə idxalın ixracdan daha kəskin azalması cari hesabı 132,8 mlrd. dollar həddinədək daraldaraq ÜDM-in 3.7%-nə qədər aşağı salıb. Belə ki, əsas azalma ölkəyə neft idxalında olmaqla, idxal-ixrac əməliyyatları üzrə bütün kateqoriyalarda kəskin enmə müşahidə olunub.
Eyni zamanda, ixracın azalması IV rübdə dolların dünya maliyyə bazarında aparıcı rola malik 7 valyutaya qarşı ticarətlə ölçülmüş rüblük orta baza əsasında 11% bahalaşması fonunda baş verib.
Lakin dünən Federal Ehtiyat Sisteminin (FES) 1960-cı illərdən bəri ilk dəfə olaraq iqtisadi tənəzzüllə mübarizə və əsasən də uzunmüddətli dövlət istiqrazlarının alınması məqsədi ilə əlavə 1 trln. dollar ayrılması barədə qərarı son iki ildə ən yüksək səviyyəyə çatan dolların məzənnəsini kəskin salıb. Bu təsir istiqrazların belə irimiqyaslı alınması nəticəsində həm ölkə, həm də dünya bazarında dövriyyədə olan dollar kütləsinin kəskin artacağı gözləntisi ilə birbaşa bağlıdır. Bununla da FES Maliyyə Nazirliyi tərəfindən buraxılan borc kağızlarını alaraq mənfi saldonu maliyyələşdirmək fikrindədir.
Analitiklər isə ABŞ mərkəzi bankının bu addımının domino effekti yaradacağını və əksinə, müxtəlif ölkələrdə milli valyutaların ucuzlaşdırılması üçün addımların atılacağını qeyd edirlər. Belə ki, Britaniya və Yaponiyanın mərkəzi bankları dərhal bəyan ediblər ki, onlar da yaxın bir neçə həftə ərzində dövlət borclarını almağa başlayacaq, İsveçrə mərkəzi bankı isə frankı satmaqla milli valyutanı ucuzlaşdıracağını bəyan edib. Avropa Mərkəzi Bankının da yaxın vaxtlarda bu məsləyə baxacağı gözlənilir.
Valyuta bazarı isə baş verənlərə dərhal reaksiya verib və avro son 10 ildə ilk dəfə olaraq bir gün ərzində dollara qarşı 4% bahalaşıb. İnvestorlar avronun iki həftə ərzində 1,4 dollar həddinədək artacağını proqnozlaşdırır.
Bu gün Azərbaycanda da dolların mərkəzi bank tərəfindən müəyyənləşdirilən məzənnəsi son iki ay ərzində ən aşağı - 0,8026 manat həddinə düşüb. Buna dünya bazarında baş verən proseslərin milli bankın bayram ərəfəsində manatın devalvasiyasının qarşısını almaq məqsədi ilə apardığı təsirlərin üst-üstə düşməsi təsir edib.
Qeyd edək ki, martın 17-i ilə müqayisədə dolların manata qarşı məzənnəsi 0,0014 manat və ya 0,17%, cari ilin əvvəlindən isə 0,0015 manat və ya 0,14% enib. Eyni zamanda, avronun məzənnəsinin gündəlik artımı 0,033 manat və ya 3,15%, ilin əvvəlindən azalması isə 0,0326 manat və ya 2,93% təşkil edib. Göründüyü kimi, dünya bazarlarında dolların avroya qarşı ucuzlaşması Azərbaycanda əsasən avronun manata qarşı bahalaşmasında öz əksini tapıb.
APA