Dekabrda tikinti materiallarında qiymət artımı olmayıb
25 Yanvar 2012 Çərşənbə 17:13
“Əmlak Bazarı İştirakçıları”: "Ötən ay tikinti materialları üzrə qiymətlər sabit qalıb".
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən paytaxtın tikinti materialları bazarı üzrə aparılan araşdırmalar 2011-ci il üçün bir çox mühüm hadisələrlə yadda qalıb. Birlikdən ANS PRESS-ə verilən məlumata görə, ilin əvvəlindən başlayan aktivlik və qiymət artımı noyabr ayınadək davam edib.

Hətta 2011-ci ilin 3-cü rübünün qiymət indeksi 2008-ci ilin ən pik qiymətləri olan dövrünü geridə qoyub. Belə bir tendensiyaya ölkədə tikinti işlərinin sürətlənməsi, əmlak bazarına yönəldilən investisiyaların həcminin çoxalması, yerli istehsalın artımı, alternativ tikinti materiallarının idxal məhsullarını sıxışdırması və mövsümi amillərin səbəb olmasını istisna etmək olmazdı. İlin sonuna doğru mövsümi amillər və bununla əlaqədar olaraq bazarda müşahidə edilən passivlik qiymətlərin sabit və nisbi azalmasına gətirib çıxarsa da, hər halda ilin əvvəli ilə sonundakı qiymət fərqi (38 adda 88 növdə tikinti materialı üzrə) 15,7% artım ilə müşahidə edilib.

Təbii ki, bu da əsasən bir sıra idxal məhsullarında artan tendensiyasının nəticəsi olaraq baş verib. Başqa sözlə ifadə etsək, 2011-ci ilin yanvar ayı ilə dekabr ayı arasında yaranan bu fərqi əsasən Rusiya istehsalı olan dikt (17%), DSP (38,8%), DVP (25,9%), armatur (16,7%), dəmir boru (11,8%), Ukraynadan idxal edilən dəmir təbəqə (14,3%), sink təbəqə (19,0%) və s. təşkil edib. Bu səbəbdən də noyabr və dekabr aylarında baş verən qiymət azalmasını ilin sonuna doğru alıcı kütləsinin nisbi zəifləməsi və əvvəlki aylarda müşahidə edilən qiymət artımlarının nisbətən əvvəlki vəziyyətinə qayıtması ilə əlaqələndirmək olar.

Digər tərəfdən mövsümi amillərlə bağlı olaraq alıcı passivliyinin hiss olunması bazarda tikinti materiallarının bolluğuna səbəb oldu ki, bu faktor da qiymət azalmasına təsirsiz ötüşməyib. Beləliklə, dekabr ayında qiymət azalması müşahidə edilən tikinti materialları aşağıdakı kimi olub:

Mişar daşı -1,6
Şveller -2,5
Qum -12,8
Dəmir boru -2,0
Çınqıl -14,3
Sink təbəqə -0,5
Otsep -11,1
Asma tavan -2,9
Dikt -0,9
Şifer -1,0
DVP -6,4
Dam örtüyü -2,8
Künyə -3,6
İzolyasiya -8,8
Laminat-parket -1,2

Təəccüblü olsa da, dekabr ayında heç bir qiymət artımı qeydə alınmayıb. Digər tikinti materialları üzrə isə qiymətlər sabit qalıb.

2011-ci ilin dekabr ayında müşahidə edilən qiymət fərqi noyabrla müqayisədə -0,47% təşkil edib. İlin əvvəli ilə müqayisədə orta qiymət göstəricisi 15,7% artımla qeydə alınıb. Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi, ötən ayla müqayisədə, idxal məhsullarını 1,08% üstələyərək 51,9% olub.

Qiymət indeksi noyabr ayı (186,0) ilə müqayisədə orta qiymətə müvafiq olaraq 0.9 bənd azalaraq 185,2 bənd səviyyəsində qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar