Çıraq neft platformasının işə salınmasından 14 il keçir
13 Noyabr 2011 Bazar 04:07
Çıraq platformasında orta gündəlik hasilat təxminən 74 min bareldir.
14 il əvvəl “Çıraq” platformasından neft hasilatına başlanıb. Bu, həm də “Əsrin müqaviləsi” adını almış “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş çərçivəsində çıxarılan ilkin neft idi.

1997-ci il noyabrın 12-də 2Çıraq” platformasında bu münasibətlə keçirilmiş təntənəli tədbirdə ümummilli lider Heydər Əliyev, layihədə tərəfdaş olan şirkətlərin nümayəndələri, xaricdən gəlmiş yüksək rütbəli qonaqlar iştirak etdilər. Həmin vaxtdan indiyədək “Çıraq”, təmir və profilaktika üçün ayrılmış qısa fasilələri nəzərə almasaq, demək olar ki, fasiləsiz işləyib.

“Çıraq” platforması Xəzərdə, Bakıdan 120 kilometr şərqdə yerləşir. Onun istismar olunduğu ərazidə suyun dərinliyi 120 metrə çatır. “Çıraq”dan çıxarılan neft 24 düymlük sualtı borularla Səngəçal terminalınadək 154 kilometr məsafə qət edir. “Çıraq”ın səmt qazı isə 50 kilometr uzunluğunda sualtı xətlə Neft Daşlarındakı kompressor stansiyasına ötürülür.

“Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyatçısı bp şirkətinin məlumatına görə, hazırda “Çıraq”da 8 hasilat və 4 suvurma quyusu istismar edilir. İlin əvvəlindən orta gündəlik hasilat təxminən 74 min barel olub.

“Çıraq2da qazanılan təcrübədən sonralar “Azəri” və “Dərinsulu Günəşli” platformalarının inşasında və istismarında da geniş istifadə edilib. İki ildən sonra “Azəri-Çıraq-Günəşli” platformalarının “ailə”si bir az da böyüyəcək. “Çıraq”dan bir qədər aralıda yeni “Qərbi Çıraq” platforması tikilərək neft və səmt qazı verəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar