Beyləqan fermerlərinə güzəştli kreditlər verilib
04 May 2012 Cümə 18:45
Beyləqan və ətraf rayonlardan olan 43 sahibkara 564 min manat kredit ayrılıb.
Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Beyləqan rayonunun Təzəkənd kəndində keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit ayrılmış Beyləqan rayonunun Şəfəq kəndində illik istehsal gücü 6 min ton olan süd məhsullarının emalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

Tədbir çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir heyvandarlıq kompleksinin, müasir taxılçılıq, kiçik və orta həcmli intensiv üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb.

Fondun icraçı direktoru Şirzad Abdullayev güzəştli kreditlər hesabına Aran iqtisadi rayonunda, o cümlədən Beyləqan rayonunda həyata keçirilən layihələr barədə məlumat verib. O qeyd edib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 772 investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 milyon manat güzəştli kredit verilib: “Bu layihələrin reallaşdırılması 3200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş güzəştli kreditlərin 60,3 milyon manatı regionların payına düşür. Bu ilin ötən dövrü ərzində Aran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin müxtəlif sahələri əhatə edən 332 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,1 milyon manat güzəştli kreditlər verilib”.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkarlıq subyektinə 564 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri gələcəkdə də davam etdiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar