Bakıda daha bir beynəlxalq konfrans keçirilir
20 İyun 2012 Çərşənbə 17:06
"İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu” mövzusunda beynəlxalq konfrans baş tutub.
Bu gün İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə Azərbaycanda antiinhisar orqanının yaradılmasının 20 illiyi ilə əlaqədar “İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə 17 ölkənin antiinhisar orqanının və 10-dan çox beynəlxalq təşkilatın rəhbər şəxsləri və əməkdaşları, o cümlədən aidiyyəti dövlət qurumlarının, elmi müəssisələrin və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə çiçək dəstələri düzüblər. Tədbir iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Konfrans Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə öz işinə başlayıb.

Qonaqları salamlayan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə məlumat verib. Bildirilib ki, prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən islahatlar nəticəsində Azərbaycan bazar prinsiplərinə əsaslanan və davamlı inkişaf edən, transmilli layihələrdə fəal iştirak edən, qlobal böhran proseslərinin mənfi fəsadlarına qarşı dayanıqlı iqtisadiyyata malik olan dövlətə, Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.

S. Həsənova bu nailiyyətlərin əldə edilməsində ölkəmizdə həyata keçirilən antiinhisar siyasətinin və antiinhisar orqanının fəaliyyətinin özünəməxsus roluunun olduğunu, bazar iqtisadiyyatının formalaşdırılmasına yönəlmiş islahatlara başlandıqdan sonra antiinhisar siyasətinin iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, islahatlar çərçivəsində antiinhisar orqanının təsis edilməsi və müvafiq qanunvericiliyin yaradılması, iqtisadiyyatın liberallaşdırılması və inhisarsızlaşdırılması, restruktizasiyası və dövlət mülkiyyətinin özəlləşdirilməsi istiqamətində həyata keçirilən fundamental dəyişikliklər azad sahibkarlığa və sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının formalaşdırılmasında əhəmiyyətli rol oynayıb. S. Həsənova Azərbaycanda səmərəli antiinhisar siyasətinin həyata keçirilməsinə böyük önəm verildiyini, bu sahənin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev çıxışında Azərbaycanda antiinhisar orqanının fəaliyyəti və onun təkmilləşdirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar görülmüş işlər, antiinhisar orqanının səmərəli işinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib.

MDB İcraiyyə Komitəsinin nümayəndəsi, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın katibliyinin rəhbəri Azam Usmanov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Bakı ofisinin direktoru Henning Tvesten konfransda aparılan müzəkirələrin və təcrübə mübadiləsinin rəqabətin qorunması sahəsində biliklərin artırılmasına, qanunvericiliyin təkmilləşdirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini bildiriblər.

Konfransda Rusiya Federal Antiinhisar Xidmətinin rəisi İqor Artemyev “Rusiya Federasiyasında müasir antiinhisar tənzimlənməsi”, MDB-nin Avrasiya İqtisadi Komissiyasının, Rəqabət siyasəti və dövlət satınalmaları siyasəti departamentinin direktoru Natalya Slyusar “Gömrük İttifaqı ölkələrində dövlət satınalmalarının təşkili təcrübəsi”, komissiyanın Antiinhisar tənzimlənməsi departamentinin direktoru Anna Miroçinenko “Vahid iqtisadi məkanda rəqabət şərtlərinə əməl olunmasına nəzarət sisteminin formalaşması”, Qazaxıstanın Rəqabətin Qorunması Agentliyinin sədrinin müavini Erkekali Alimkulov “Kartellərin və hökmran mövqedən sui-istifadənin araşdırılmasının aktual problemləri”, Serbiyanın Rəqabətin Qorunması Komissiyasının üzvü Sanja Dankovic “İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu”, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Qriqori Olson “Rəqabət siyasəti”, Avstriya Federal Rəqabət Qurumunun baş direktoru Teodor Thanner “Antiinhisar siyasəti və istehlakçı rifahı”, Almaniyanın “Bundeskartellamt” təşkilatının nümayəndəsi Sandro Gleave “Qiymətlərin hədsiz qaldırılması” və s. mövzularda məruzlərlə dinlənilib.

Sonda Konfransda səsləndirilən təkliflərlə bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb. İyunun 21-22-də isə Bakıda MDB dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 36-cı iclası keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar