Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib
19 İyun 2012 Çərşənbə Axşamı 18:44
Tədbirdə Azərbaycanla Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə məlumat verilib.
Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baş nazirinin müavini Kazım Uyanayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə Kabardin-Balkar Respublikasının bir sıra nazirliklərinin, iri müəssisələrinin rəhbərləri daxildir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün K. Uyanayevin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə çiçək dəstələri düzmüşlər. Rusiyalı qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Sonra Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baş nazirinin müavini Kazım Uyanayevin başçılıq etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə ölkələrimiz arasında, eləcə də Rusiya Federasiyasının regionları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri və investisiya qoyuluşu imkanları müzakirə edilib.

Nazir Şahin Mustafayev dövlət başçısının Rusiya Federasiyası ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, qonşu Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi bazanının yaradıldığını, 100-dən çox sazişin imzalandığnı, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu qeyd edib. Hazırda Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq edir və bu əlaqələr daha da genişlənir. Rusiya Federasiyası Kabardin-Balkar Respublikası nümayəndə heyətinin böyük tərkibdə Azərbaycana səfəri də ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə xidmət edir.

Həmin gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.

Biznes forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Vurğulanıb ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, sahibkarlıq fəaliyyəti genişlənmiş, əlverişli biznes və investisiya mühiti yaradılıb.

Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi imkanlarını daha da artırıb, Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Stavropol diyarı) investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olub. Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.

Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baş nazirinin müavini Kazım Uyanayev Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Kabardin-Balkar Respublikasına investisiya qoyuluşu imkanları barədə məlumat verib.

AZPROMO-nun rəhbəri Adil Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumt verib. AZPROMO-nun nümayəndəsi Azər Hüseynov isə bu təşkilatın fəaliyyəti barədə təqdimatla çıxış edib.

Tədbirdə Azərbaycan və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə məlumat verilib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Sonra Azərbaycan və Kabardin-Balkar iqtisadiyyatı, biznes və investisiya imkanları barədə təqdimatlar keçirilib. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə işgüzar əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Kabardin-Balkar nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, Sumqayıt Texnologiyalar Parkı və bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar