Azərbaycanla Belarus arasında saziş imzalanıb
22 Fevral 2012 Çərşənbə 19:56
Sənəd iki ölkənin iqtisadi inkişaf nazirlikləri arasındakı əməkdaşlığı nəzərdə tutur.
Azərbaycan baş nazirin birinci müavini, Azərbaycan və Belarus arasında Hökumətlərarası Komissiyanın həmsədri Yaqub Eyyubov Belarusun iqtisadiyyat naziri Nikolay Snopkovu qəbul edib. Ölkəmizə səfər çərçivəsində Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov maliyyə naziri Samir Şərifovla da görüşüb.

Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə AZPROMO-da Belarusun İqtisadiyyat naziri Nikolay Snopkovun yerli iş adamları ilə görüşü keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan tərəfindən daşınmaz əmlak və tikinti, logistika, kənd təsərrüfatı, qida sənayesi, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 20-ə yaxın şirkətin nümayəndəsi iştirak edib.

Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov Belarus iqtisadiyyatı barədə məlumat verib, yerli iş adamlarını maraqlandıran sualları cavablandırıb. Görüşdə qonağa Azərbaycan iqtisadiyyatı, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti barədə məlumat verilib.

Həmin gün İqtisadi İnkişaf Nazirliyində Belarus Respublikasının iqtisadiyyat naziri Nikolay Snopkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan və Belarus arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Görüşün sonunda “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Belarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Belarus tərəfdən isə bu ölkənin İqtisadiyyat naziri Nikolay Snopkov imzalayıblar. Sənəddə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, investisiya, sahibkarlığın inkişafı sahəsində məlumat və təcrübə mübadiləsi, qarşılıqlı maraq kəsb edən proqram və layihələrin həyata keçirilməsi, eləcə də iş adamları arasında ikitərəfli görüşlərin, biznes-forum və seminarların təşkili nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar